Azay Quliyev: “Beynəlxalq donor təşkilatları regional əməkdaşlıq adı altında bəzən işğalı unutdurmaq məqsədi ilə müəyyən işlər görürlər” - MÜNASİBƏT

Azay Quliyev: “Beynəlxalq donor təşkilatları regional əməkdaşlıq adı altında bəzən işğalı unutdurmaq məqsədi ilə müəyyən işlər görürlər” - MÜNASİBƏT

"Bütün hallarda Azərbaycanın qeyri-hökumət təşkilatlarının işğalçı ölkə ilə əlaqələrinin konkret çərçıvəsi olmalıdır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanın bəzi QHT-lərin erməni QHT-ləri ilə əlaqələrinə toxunarkən deyib.

 

"Bu çərçivə isə ondan ibarətdir ki, Ermənistanın qeyri-hökumət təşkilatları öz hökumətlərinə Azərbaycanın torpaqlarını azad etməsi ilə bağlı təsir etsinlər", - deyən A.Quliyev mədəni və təhsil sahəsində ermənilərlə əlaqə qurmağın çətin olduğunu dilə gətirib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri bildirib ki, Ermənistan ərazimizin 20 faizini işğal edib və 1 milyona qədər qaçqın və məcburi köçkünümüz var. Belə bir şəraitdə torpaqlarımızı işğal edən dövlətin vətəndaşları ilə işğala son qoymaqdan başqa bir mövzu ətrafında müzakirə aparmamalıyıq. Bu kimi QHT-ləri həm ictimai qınağa, həm də qanunvericiliklə tənzimlənən müəyyən məsuliyyətə cəlb etmək lazımdır.

 

Şuranın bu cür təşkilatlarla maksimum səviyyədə iş aparmağa çalışdıqlarını deyən A.Quliyev qeyd edib ki, sözügedən təşkilatlar birmənalı şəkildə onların fəaliyətlərinin Azərbaycanın maraqlarına uyğun olmadığını bilməlidirlər: "Bu, Ermənistan üçün bir görüntü yaratmaqdır. Guya Azərbaycan ictimaiyyəti ilə erməni ictimaiyyəti arasında heç bir problem yoxdur, aralarında dialoq, gediş-gəliş var. Belə saxta bir təsəvvür yaratmaq niyyətinə əlbəttə ki, qeyri-hökumət təşkilatları qoşulmamalıdır. Bu məsələdə hər bir kəs vətəndaş mövqeyindən və dövlətçilik maraqlarından çıxış etməlidir. Fərqi yoxdur, həmin şəxs istər QHT-ni təmsil etsin, istərsə də etməsin. Təəssüflər olsun ki, bəzi QHT rəhbərləri heç nə olmamış kimi Ermənistana səfərlər edir və orada arzuolunmaz formada fəaliyyət göstərirlər".

 

Azərbaycan QHT təmsilçilərinin Ermənistanda mədəni tədbirlərdə, bəzən də kef məclislərində iştirak etdiyini söyləyən A.Quliyev bunu yaramazlıq adlandırdığını ifadə edib: "Hesab edirəm ki, damarında azərbaycanlı qanı axan hər bir şəxs bundan utanmalıdır. Onlar unutmamalıdır ki, bu gün Ermənistanda 4500-dən çox əsir və itkin düşmüş vətəndaşımız var. Onların orada nalələri səslənir, onlara işgəncələr verilir. 20 mindən çox şəhidimiz var. Bu əməkdaşlığın nəticəsində ermənilərin fayda qazanması arzuolunmazdır. Əməkdaşlığın yalnız bir mövzusu ola bilər, necə edək ki, işğal faktına son qoyulsun".

 

Şuranın bu cür QHT-lər barəsində hər hansı bir formada cəza verməsinin qanunvericilikdə nəzərdə tutulmadığını söyləyən A.Quliyev həmin təşkilatlarla əməkdaşlıq etmədiyini, layihələrini maliyyələşdirmədiyini dilə gətirib. Şura sədri beynəlxaql donor təşkilatlarının da yerli təşkilatları maliyyələşdirərək şirnikləşdirdiyini bildirib: "Bu zaman bizim qeyri-hökumət təşkilatları ehtiyatlı olsunlar. Beynəlxalq donor təşkilatları regional əməkdaşlıq adı altında bəzən işğalı unutdurmaq məqsədi ilə müəyyən işlər görürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə