Koçaryan: "Paşinyan siyasi meyitdir" QARŞIDURMA

Koçaryan: "Paşinyan siyasi meyitdir" QARŞIDURMA

Baş nazir isə eks prezidenti “siyasi meyit” adlandırsa da, qarşı tərəfin də ittihamları səngimir

Ermənistanda cərəyan edən siyasi böhran və bu böhran çərçivəsində baş verən keçmiş və indiki hakimiyyət düşərgələri arasındakı qarşıdurmalar pik həddinə çatıb. Xüsusilə, ölkənin ikinci prezidenti Robert Koçaryanın ötən həftə Nikol Paşinyana “barmaq silkələməsi” vəziyyəti daha kritik həddə çatdırıb. Belə ki, eks prezidentin 1 mart hadisələrinə görə ittiham olunması və Paşinyan rejiminin hər vəchlə onu həbsinə nail olmaq cəhdləri Koçaryanın ciddi qəzəbinə səbəb olub. Onun və vəkillərinin əlində isə yeni alibi əmələ gəlib. Bu alibi isə Ermənistanın təhlükəsizlik və istintaq orqanları rəhbərlərinin onun və 1 mart hadisələrində günahlandırılan digər şəxslər barədə danışdıqları telefon danışıqlarının ifşa olunmasıdır. Məhz həmin audioyazı üzə çıxdıqdan sonra erməni ictimai rəyi arasında fikirlər haçalanmağa başlayıb.

Robert Koçaryan: “Paşinyan mənə baş qoşduğuna görə, peşman olacaq”

“Robert Koçaryan bəyanatları ilə öz siyasi səviyyəsini, siyasi anlayışının dərəcəsini göstərib”. SİA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ikinci prezidenti Robert Koçaryanın "Paşinyan mənə baş qoşduğuna görə, peşman olacaq" sözlərinə münasibətini bildirərkən deyib.

Koçaryana cavabında qarşı tərəfi demək olar ki, ələ salan Paşinyan bu və ya digər şəkildə Ermənistanın ikinci prezidentinin sözlərinə istehzalı münasibət bildirib. O, eks prezidenti küçədə dalaşan uşaq qismində gördüyünü bildirib və özünü siyasətçi hesab edən şəxsin bu cür fikirlər səsləndirməsini ciddi qəbul etmədiyini bildirib. O cümlədən, Paşinyan Koçaryanı “siyasi meyit” adlandırıb.

Nikol Paşinyan: "Bu, küçə dava-dalaşı deyil, harada ki, döyülən-döyənə "baxarıq, görərsən" təhdidi edir"

"Bu, küçə dava-dalaşı deyil, harada ki, döyülən-döyənə "baxarıq, görərsən" təhdidi edir", deyə erməni baş naziri Robert Koçaryanın təhdidinə cavabında həmin ifadələri işlədib.

Eyni zamanda, "Ermənistanda daha Robert Koçaryan adlı siyasi faktor mövcud deyil", deyən Paşinyan siyasi meyitlərlə işinin olmadığıını da bildirib: "Bizim siyasi meyitlərlə işimiz yoxdur, lakin siyasi meyit olmaq o demək deyil ki, qanun qarşısındakı cavabdehlikdən yaxa qurtarsın, kim olursa-olsun bu hamıya deyilib".

Beləliklə, iki düşərgə arasında gedən barışmaz savaşda məcradan çıxan həqarət və təhdidlər get-gedə daha çox vətəndaş qarşıdurması ab-havasını əsdirir. Ermənistan ictimaiyyətinin də demək olar ki, iki yerə parçalanması, xüsusilə, Qarabağ erməniləri ilə Ermənistan ermənilərinin növbəti qarşıdurmalara getmələri daha çox real görünməyə başşayıb.

Koçaryanın vəkili: “Bu, sadəcə manipulyasiyadır”

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkili Hayk Alumyan isə keçirdiyi mətbuat konfransında deyib ki, 1 mart işi üzrə ittiham olunan şəxslərin hər hansı bir dəftərdə adlarının qeyd olunması barədə xəbərsiz olduğunu bildirib. Belə ki, vəkil bunu Xüsusi İstintaq İdarəsinin (Xİİ) rəisi Sasun Xaçatryanın iddiasına cavab olaraq bildirib. Məsələ ondadır ki, Xİİ-nin rəisi 1 mart 2008-ci ildə hərbrçilərin muzdlu olaraq, qanlı olaylara cəlb edilmələri ilə bağlı dəftərə malik olduğunu deyib, eyni zamanda bildirib ki, 23 fevraldan 8 mart tarixinə qədər oliqarxlar həmin hərbçilərə pul ödəyirdilər ki, onları müdafiə etsinlər.

“Mən bilmirəm və bu dəftəri görməmişəm”, deyən vəkil əlavə edib: “Təsəvvürünüzə gətirin, mən həmin cinayət işi üzrə müdafiəçiyəm, lakin siz jurnalist olaraq, həmin dəftəri məndən öncə görmüsünüz. Lakin mən həmin dəftəri görsəm belə, məsələni belə şərh edərdim: əgər bu cinayətdirsə, əgər Milli Təhlükəsizlik Xidməti ilə Xüsusi Xidmət İdarəsinin rəhbərləri bilirlərsə ki, həmin cinayəti kim işlədib, onda təqdim edilən ittihamnamə hanı? Başqa tərəfdən, əgər bu cinayət sübut olunmayıbsa, nəyə görə olmayan ittihamnaməni ictimailəşdirirlər? Bu, sadəcə manipulyasiyadır”.

Hayk Alumyan: “Bu hal MTX ilə Xİİ rəhbərlərinin telefon danışıqlarını insanların diqqətindən yayındırmaq üçün istifadə edilir”

Hayk Alumyana görə, 1 mart hadisələri erməni ictimaiyyəti üçün kifayət qədər həssas və ağrı nöqtəsidir: “Bu hal MTX ilə Xİİ rəhbərlərinin telefon danışıqlarını insanların diqqətindən yayındırmaq üçün istifadə edilir”.

Vəkil qeyd edib ki, məhkəmənin qüvvəyə minmiş hökmü yoxdur, sübutları təsdiq edən sənədlər də yoxdur, eləcə də ittiham təqdim olunmayıb, lakin Xİİ-nin rəisi keçirdiyi mətbuat konfransında sənədləri elə göstərir ki, sanki həmin fakt sübuta yetirilib. “Əgər onlar bunu sübuta yetirilmiş fakt olduğunu hesab edirlərsə, heç olmasa kimin ittiham olunduğunu da desinlər”, Alumyan bildirib.

Beləliklə, vəziyyət kifayət qədər bəllidir və bu vəziyyətin nə Ermənistana, nə də erməni ictimaiyyətinə heç də yaxşı gələcək vəd etmədiyini göstərir. Hər halda , bütün faktlar və cərəyan edən hadisələr də bu cür qənaətə gəlməyə zəmin yaratmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə