Əli Həsənov: “Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı bu vəziyyətə çox dözməyəcək”-MÖVQE
"ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ problemi ilə bağlı açıqlamaları müəyyən mənada məsələnin daha dinamik şəkildə gündəmə gəlməsinin göstəricisidir. ATƏT-in Astana Sammitindən sonra artıq həmsədr ölkələrin hər üçü Dağlıq Qarabağ münaqişəsinin həllində gecikmələrdən, mövcud problemin uzanmasından narahat olduqlarını bildiriblər". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, təbii ki, buna Azərbaycanın siyasi iradəsi də təsir göstərir.
Prezident İlham Əliyevin dəfələrlə bu barədə verdiyi bəyanatları xatırladan şöbə müdiri qeyd edib ki, Azərbaycanın bu məsələdə səbrinin bir həddi var. Onun sözlərinə görə, ermənilərin qeyri-konstruktivliyi, məsələləri təkrar-təkrar gündəmə gətirmək cəhdləri, əvvəl razılaşdırılmış məsələlər ətrafında yenidən müzakirə açmaları bunu göstərir ki, ermənilər bu məsələdə qeyri-konstruktiv mövqelərini davam etdirmək fikrindədirlər: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq hüquqlara bundan sonra da sayğısız yanaşmaq xəttini davam etdirməkdədirlər. Azərbaycanın bu çağırışları da beynəlxalq aləmi müəyyən dərəcədə narahat edib və Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda aktivlik müşahidə olunmaqdadır. Lakin onu da qeyd etməliyik ki, Ermənistanın qeyri- konstruktiv mövqeyi bu məsələnin müəyyən qədər dalana dirənməsinə səbəb olub. Yəni yenilik yoxdur, inkişafla bağlı meyllər müşahidə olunmur. Ona görə ki, Ermənistanın son dövrlər nümayiş etdirdiyi mövqe, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı davam etdirməsi, Azərbaycanın şəhər və kəndlərinin tarixi adlarının dəyişdirilməsi cəhdləri, Ermənistan parlamentinin qəbul etdiyi biabırçı akt, yəni separatçı rejimlərlə Ermənistan dövlətinin bu və ya digər əlaqələrinin hüquqi qiymətə mindirilməsi cəhdləri və s. -bütün bunlar göstərir ki, Dağlıq Qarabağ probleminin həllində Ermənistan qeyri-konstruktiv mövqelərini davam etdirməkdədir".
Prezident Administrasiyasının rəsmisi əlavə edib ki, Ermənistan həmçinin ATƏT-ə, BMT-nin qətnamələrinə və beynəlxalq ictimaiyyətin bu sahədəki cəhdlərinə meydan oxumaqdadır. Onun sözlərinə görə, bunun nə qədər davam edəcəyini, hansı sonluqla yekunlaşacağını proqnozlaşdırmaq çox çətindir: "Amma təkrar edirik ki, Azərbaycan dövləti bu vəziyyətə çox dözməyəcək və cənab Prezidentin də qeyd etdiyi kimi, biz bu danışıqların nəticəsiz yekunlaşacağını dəqiq müəyyən edəndən sonra digər addımlara əl atacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB