Koçaryanın vəkili: “Bu, sadəcə manipulyasiyadır”

Koçaryanın vəkili: “Bu, sadəcə manipulyasiyadır”

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkili Hayk Alumyan keçirdiyi mətbuat konfransında deyib ki, 1 mart işi üzrə ittiham olunan şəxslərin hər hansı bir dəftərdə adlarının qeyd olunması barədə xəbərsizdir. Belə ki, vəkil bunu Xüsusi İstintaq İdarəsinin (Xİİ) rəisi Sasun Xaçatryanın iddiasına cavab olaraq bildirib. SİA aysor.am-a istinadən xəbər verir ki, Xİİ-nin rəisi 1 mart 2008-ci ildə hərbrçilərin muzdlu olaraq, qanlı olaylara cəlb edilmələri ilə bağlı dəftərə malik olduğunu deyib, eyni zamanda bildirib ki, 23 fevraldan 8 mart tarixinə qədər oliqarxlar həmin hərbçilərə pul ödəyirdilər ki, onları müdafiə etsinlər.

“Mən bilmirəm və bu dəftəri görməmişəm”, deyən vəkil əlavə edib: “Təsəvvürünüzə gətirin, mən həmin cinayət işi üzrə müdafiəçiyəm, lakin siz jurnalist olaraq, həmin dəftəri məndən öncə görmüsünüz. Lakin mən həmin dəftəri görsəm belə, məsələni belə şərh edərdim: əgər bu cinayətdirsə, əgər Milli Təhlükəsizlik Xidməti ilə Xüsusi Xidmət İdarəsinin rəhbərləri bilirlərsə ki, həmin cinayəti kim işlədib, onda təqdim edilən ittihamnamə hanı? Başqa tərəfdən, əgər bu cinayət sübut olunmayıbsa, nəyə görə olmayan ittihamnaməni ictimailəşdirirlər? Bu, sadəcə manipulyasiyadır”.

Hayk Alumyana görə, 1 mart hadisələri erməni ictimaiyyəti üçün kifayət qədər həssas və ağrı nöqtəsidir və bu hal MTX ilə Xİİ rəhbərlərinin telefon danışıqlarını insanların diqqətindən yayındırmaq üçün istifadə edilir.

Vəkil qeyd edib ki, məhkəmənin qüvvəyə minmiş hökmü yoxdur, sübutları təsdiq edən sənədlər də yoxdur, eləcə də ittiham təqdim olunmayıb, lakin Xİİ-nin rəisi keçirdiyi mətbuat konfransında sənədləri elə göstərir ki, sanki həmin fakt sübuta yetirilib. “Əgər onlar bunu sübuta yetirilmiş fakt olduğunu hesab edirlərsə, heç olmasa kimin ittiham olunduğunu da desinlər”, Alumyan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə