”Kəndli-fermer təsərrüfatlarında maliyyə-mühasibat uçotu sistemində problemlər mövcuddur”

”Kəndli-fermer təsərrüfatlarında maliyyə-mühasibat uçotu sistemində problemlər mövcuddur”

İTM-in həyata keçirdiyi ATƏT-in Bakı Ofisinin icra etdiyi, "Statoil" və Avstriya hökumətinin maliyyələşdirdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində "İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması" layihəsi çəçivəsində iqtisadi məsələlər üzrə ekspert Qubad İbadoğlu, aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov 04-06 dekabr 2010-cu il tarixində Gəncə-Qazax regionuna səfər ediblər.

İqtisadi Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində ekspertlər regionun Daşkəsən, Göygöl, Şəmkir, Samux, Goranboy və Qazax rayonlarında fəaliyyət göstərən fermer və kənd təsərrüfatı müəssisələrinin menecer və mühasibləri üçün fərdi və qrup şəklində iqlim dəyişikliyinin aqrar sektora və bu sahədəki biznes işinə təsirləri və gələcək dövr üçün xərclərin planlaşdırılması metodikasına həsr olunmuş seminarlar keçiriblər.

Seminarlar bölgənin aqrar təsərrüfatlarının spesifikası, fəaliyyət növü və layihə tələbləri nəzərə alınmaqla təşkil olunub. Belə ki, seminarlarda bitkiçilik, heyvandarlıq sahəsində ixtisaslaşmış kəndli-fermer, ailə təsərrüfatlarının və şərabçılıq, südçülük kimi emal müəssisələrinin 50 nəfərə yaxın nümayəndəsi iştirak ediblər. Seminar zamanı müzakirələr əsasən təsərrüfatlara dəyən zərərin uçotunu aparmaq qaydaları, itkilərin hesablanması üsulları və əsaslandırılması üçün sənədləşdirilməsi məsələləri ətrafında gedib.

Müzakirələr zamanı məlum olub ki, aqrar sahənin bir çox müəssisələrində, xüsusilə də kəndli-fermer təsərrüfatlarında maliyyə-mühasibat uçotu sistemində problemlər mövcuddur.

Seminar iştirakçılarının yekun rəyi ondan ibarət olub ki, iqlim dəyişikliyinin yaratdığı təhlükələr nəticəsində itkilərin uçotu aparılmalı və onun kompensasiyası üçün dövlət büdcəsindən vəsaitlər ayrılmalıdır. Əks təqdirdə kəndli-fermer təsərrüfatlarının böyük əksəriyyətinin maliyyə fəaliyyəti zərərlə yekunlaşa bilər ki, bu da real sektorda xüsusi rolu olan aqrar bölmənin iqtisadi inkişafda əhəmiyyətini azaldacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə