"ATƏT Paşinyana başa salmalıdır" RƏY- ÖZƏL

"ATƏT Paşinyana başa salmalıdır" RƏY- ÖZƏL

“Ermənistan rəhbərliyi son iddiaları ilə beynəlxalq hüquq normalarının ciddi şəkildə pozur. Belə olan halda, beynəlxalq ictimaiyyət, eləcə də ATƏT bu məsələyə nəinki reaksiya verməli, bu istiqamətdə əməli addımlar atılmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Düşmən ölkə tərəfindən irəli sürülən bəyanatların heç bir əsası olmadığını deyən politoloq söyləyib ki, Paşinyanın iddiaları həm də ATƏT-in Minsk qrupunun fəaliyyətinə də təsir göstərməlidir: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasına baxmayaraq, təəssüf ki, bu günə qədər təşkilatın həmsədri məsələyə münasibət bildirməyib. Onlar əslində regiona dərhal səfər edib, Paşinyanla müzakirələr aparıb, ona bu ifadələrin düzgün olmadığını izah etməli idilər. Görünür Paşinyan söylədikləri fikirlərin fərqinə varmır”.

Azərbaycanın ATƏT-dən bu istiqamətdə konkret addımlar gözlədiyini dilə gətirən İ. Vəlizadə vurğulayıb ki, təşkilatın ifadə edəcəyi ümumi sözlər artıq qaneedici görünə bilməz.

Politoloq söyləyib ki, Paşinyanın son iddialarının əsas məqsədi cəmiyyətdəki elektoratın fikrini yayındırmaq, onları eyforiyada saxlamaqdır: “ Bildiyiniz kimi qarşıdan Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Paşinyan bu cür hərəkətlərlə reytinqini saxlamaq niyyətindədir. Cəmiyyətin bir hissəsi baş verənlərin oyun olduğunu anlasa da, digəri oyunun tərkib hissəsində qalmaqdadır”.

İ. Vəlizadə qeyd edib ki, Ermənistanda artıq hakimiyyət üzərində müharibə başlayıb: “Köhnə elita nümayəndələri xüsusilə də Koçaryan açıq şəkildə Paşinyana qarşı hərəkətə keçib. Biz onun arxasında Rusiyanın dayandığını da bilirik. Ermənistanda iki güc strukturunun rəhbərlərinin telefon danışığının da daha çox Rusiya KİV-lərində yayıldığının şahidi olduq. Bu, Ermənistanda nüfuzlu dairələrin müəyyən dərəcədə köhnə elitaya yardım göstərdiyini göstərir. Paşinyan onlara müqavimət göstərə bilməyəcəyini anladığı üçün müəyyən kütləyə, Qərb ölkələrinə vəziyyətə nəzarət etdiyini və onun dəstəyə ehtiyacı olduğunu göstərməyə çalışır. Paşinyanın bu addımları onu sevməyən qüvvələrin daha fəallaşmasına, eləcə də Rusiyanın qıcığına səbəb olur”.

Ermənistanda vəziyyətin qarışıq olduğun bildirən politoloq əlavə edib ki, AŞPA düşmən ölkədə baş verənlərin monitorinqini aparacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə