"ATƏT vasitəçilik missiyasını layiqincə yerinə yetirməlidir" MÜNASİBƏT-ÖZƏL

"ATƏT vasitəçilik missiyasını layiqincə yerinə yetirməlidir" MÜNASİBƏT-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyev ötən gün ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdə bir sıra aktual məsələləri müzakirə etdi. Hazırda dünyada baş verən ciddi hərbi-siyasi və iqtisadi qarşıdurmalar kontekstində ATƏT-ə üzv olan ölkələrin də milli təhlükəsizliyi bu və ya digər dərəcədə təhdidə məruz qalır yaxud belə hal mümkün hesab edilir. Adından da göründüyü kimi Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatı isə əlbəttə belə məsələləri öz tərəfdaşları ilə müzakirə etməli və təhlükəsizlik tədbirləri görməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Avropanın cənubi-şərq tərəfdaşları içərisində Azərbaycan olduqca strateji ölkə olduğunu deyən baş redaktor söyləyib ki, ölkəmizin təhlükəsizliklə bağlı strateji əhəmiyyəti təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda coğrafi mövqeyi və hərbi-iqtisadi resursları ilə şərtlənir: “Ona görə də Tomas Qremingerin ATƏT-in baş katibi kimi Azərbaycana səfəri məhz bu kontekstə qiymətləndirilməlidir və bu, ölkəmizin təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətlidir. Ancaq uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız Ermənistan hərbi birləşmələri tərəfindən işğala məruz qalıb. Problemi həll etmək üçün ATƏT-in Minsk qrupu yaradılıb. Lakin bu günə qədər bu qrup problemin həllinə heç bir real töhfə verə bilməyib”.

Deputat söyləyib ki, hazırda Ermənistana rəhbərlik edən küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilməyən baş nazir N. Paşinyan hər gün yeni bir sərsəm bəyanatla Azərbaycanı təhdid edir: “Buna mütləq ATƏT tərəfindən qiymət verilməlidir. Çünki Azərbaycanın təhlükəsizliyi ən azı bu təşkilata üzv olan digər ölkələrin təhlükəsizliyi qədər əhəmiyyətlidir. Üstəlik də ATƏT problemin həlli ilə bağlı vasitəçilik missiyasını BMT TŞ-nın mandatı ilə öz üzərinə götürüb. Ona görə də ötən gün keçirilən görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Bu çağırış həm beynəlxalq hüquq, həm də real siyasi proseslər kontekstində olduqca əsaslandırılmış bir çağırışdır”.

H.Babaoğlu qeyd edib ki, ATƏT belə həssas məsələyə öz münasibətini bildirməli, işğal faktına son qoymaq üçün öz vasitəçilik missiyasını layiqincə yerinə yetirməlidir: “Əks təqdirdə bundan sonra bütün məsuliyyət işğalçı Ermənistan və onu idarə edənlərin üzərinə düşəcək ki, bu da ermənilər üçün yaxşı heç nə vəd etmir. Regionda hamı, o cümlədən Ermənistan da Azərbaycanın hərbi qüdrətini və mümkün müharibə variantında onun dəstəkləyəcək iqtisadi resurslarını yaxşı bilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə