"Dünyada ölkəmizə hörmətlə yanaşılır" AÇIQLAMA-ÖZƏL

"Dünyada ölkəmizə hörmətlə yanaşılır" AÇIQLAMA-ÖZƏL

“Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Ölkəmizin bir çox dünya dövlətləri ilə fəal əməkdaşlığı nəticəsində ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq güclənir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Prezidenti İlham Əliyevin son dövrlərdə Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və bu səfərlərdən əldə olunan nəticələrə toxunan deputat söyləyib ki, bütün bunlar Azərbaycanın xarici siyasətinin dinamikliyini, dünyada ölkəmizə hörmətlə yanaşıldığını bir daha təsdiq edir.

Ölkə başçısının Qırğızıstana səfərini türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan C.Osmanov deyib ki, Azərbaycan türkdilli dövlətlərlə də həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində geniş əlaqələrə malikdir:

“Türkdilli dövlətlərlə münasibətlər siyasi, iqtisadi, nəqliyyat, energetika, ticarət və humanitar sahələri əhatə etməkdədir. Dövlətlərimiz bu sahələrdə əhəmiyyətli nəticələr əldə olunub. Qırğız Respublikasında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün nəticələri də bunu deməyə əsas verir”.

Deputatın sözlərinə görə, Azərbaycan türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinə də xüsusi əhəmiyyət verir: “Şübhəsiz ki, bu, bütün türkdilli dövlətlər üçün strateji önəm kəsb edir. Dünya iqtisadiyyatında ciddi dəyişikliklərin, eləcə də yeni qlobal çağırışların meydana çıxdığı şəraitdə türkdilli dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin reallaşdırılması, qarşılıqlı investisiya qoyuluşunun təşviqi üçün yeni mexanizmlərin işlənməsi böyük əhəmiyyətə malikdir. Çox əlverişli sərmayə mühitinə sahib olan Azərbaycan həm də qardaş ölkələrə, ilk növbədə, Türkiyəyə böyük investisiyalar qoyur. Azərbaycan digər ölkələrlə də bu baxımdan aktiv əməkdaşlıq edir. Bütün bunlar həm qarşılıqlı faydalı münasibətlərin, həm də iqtisadi əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycan bununla həm özünün iqtisadi maraqlarını təmin edir, həm də sərmayə yatırdığı ölkələrdə yeni imkanlar yaradır”.

C. Osmanov əlavə edib ki, ümumilikdə Prezident İlham Əliyevin xarici ölkələrə etdiyi bütün səfərləri və dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə