"Paşinyanın addımları həmsədrlərin fəaliyyətinin iqnor edilməsi deməkdir" ŞƏRH- ÖZƏL

"Paşinyanın addımları həmsədrlərin fəaliyyətinin iqnor edilməsi deməkdir" ŞƏRH- ÖZƏL

“Bildiyiniz kimi Prezident İlham Əliyev ötən gün ATƏT-in baş katibi Tomas Qremingeri ilə görüşdə bir neçə mühüm istiqamətə diqqət çəkdi. Onlardan birincisi Ermənistanın baş naziri Nikol Paşinyanın Minsk prosesi ilə üst-üstə düşməyən və ziddiyyət təşkil edən açıqlamalar verməsi, Dağlıq Qarabağın guya ayrıca bir subyekt kimi danışıqlara cəlb edilməsi prosesi ilə bağlı iddialar irəli sürməsi və bütövlükdə Azərbaycan ərazilərinin ilhaq edilməsi ilə əlaqədar yeni iddialarla çıxış etməsi şübhəsiz kimi Ermənistanın danışıqlar prosesini pozmağa etməsinin bariz göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi-şərhçi bildirib ki, bütün bu addımlar bu günə qədər ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların, masa üzərində olan prinsiplərin mahiyyətinə tamamilə ziddir.

E.Mirzəbəyli söyləyib ki, əslində Paşinyanın addımları təkcə danışıqlar prosesinin pozulmasına deyil, eyni zamanda beynəlxalq hüquq normalarının, BMT-nin qətnamələrinin, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul edilən digər beynəlxalq təşkilatların sənədlərinin, həmçinin ATƏT-in Minsk qrupunu həmsədrlərinin fəaliyyətinin iqnor edilməsi deməkdir: “Bu faktiki olaraq ATƏT-in Minsk qrupuna meydan oxunması anlamına gəlir ki, bu aspektdən də ilk növbədə məsələyə Avropada təhlükəsizlik və əməkdaşlığa görə bilavasitə məsuliyyət daşıyan bir qurum olaraq ATƏT reaksiya verməlidir”.

Onun sözlərinə görə, ikinci aspekt insan hüququ və azadlıqları ilə bağlıdır ki, Ermənistanda Paşinyanın atdığı addımlar nəinki hüquqi dövlətin prinsiplərinə uyğun gəlmir, həmçinin insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq konvensiyaların prinsiplərini pozur: “Bununla yanaşı bu addımlar rəqiblərin təqib edilməsi və qisasçılıq zəmində törədilir ki, Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri və Xüsusi İstintaq Komitəsinin rəisi arasında olan danışıqlarda bütün bu məsələlərlə bağlı tapşırıqların bilavasitə düşmən ölkənin baş naziri tərəfindən verildiyini ortaya çıxdı. Bu isə Ermənistanda ümumiyyətlə müstəqil məhkəmə hakimiyyətinin olmaması faktını ortaya qoydu.”.

Siyasi şərhçi qeyd edib ki, Paşinyanın rəqiblərinə qarşı təqib və təzyiqlərinin həyata keçirilməsinin mahiyyətində onun siyasi iddialarının və növbədənkənara seçkilərə məhz öz nəzarəti altında keçirilməsi niyyəti dayanır: “Çünki, Ermənistan Konstitusiyasının tələblərinə uyğun olaraq orada keçiriləcək seçkilərdə baş nazir seçki elan olunduğu gün istefaya getməlidir. Amma Paşinyan bununla razı olmadığı üçün Konstitusiyanın həmin müddəasını parlamentdəki partiyaları şantaj etməklə səs çoxluğuna nail olub dəyişdirilməsinə çalışır. Bütün bunlar sübuta yetirir ki, Ermənistanda həyata keçirilən hakimiyyət dəyişikliyi, inqilab və kütlənin hakimiyyətə gətirdiyi Paşinyan nəinki demokratik prinsiplərə uyğun adım atmaq marağında deyil, o mahiyyət etibarı ilə aqressiv diktatordur. Onun bu cəhətləri həm regionda sülhün və təhlükəsizliyin pozulmasına yönəlib, həm də erməni xalqının indikindən daha ağır vəziyyətdə və daha ağır şərtlər altında yaşamasına yönəlib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə