AXCP-nin sədr müavini: “Müsavat Partiyasından qərar gözləyirik”

AXCP-nin sədr müavini: “Müsavat Partiyasından qərar gözləyirik”

"Əsas məsələ AXCP-Müsavat partiyalarının birləşmə prosesidir, sədr məsələsinin müzakirəsi birləşdirici qurultayın işidir". SİA-ya açıqlamasında bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı AXCP ilə Müsavat Partiyasının birləşəndən sonra kimin sədr olacağı ilə bağlı mətbuatda gedən fikirlərə münasibət bildirərkən deyib.

 

Müsavat Partiyasının hazırda qüvvədə olan partiya nizamnaməsinə görə, İsa Qəmbərin yenidən başqan seçilə bilmədiyini deyən AXCP-nin sədr müavini bildirib ki, partiya sədri Əli Kərimlinin birləşmədən sonra yaranacaq partiyaya sədr seçilməsi ilə əlaqədar AXCP funksionerlərindən heç kim danışmayıb: "Əslində Əli Kərimlinin sədr məsələsi Müsavat funksionerləri tərəfindən gündəmə gətirilib. Əsas olan birləşmə prosesidir. İlk olaraq bu məsələnin həllinə çalışmalıyıq, prosesin necə başa çatacağına diqqətlərimizi yönəlməyik. Hesab edirəm ki, birləşmədən əvvəl belə mövzuların gündəmə gətirilməsi yalnız prosesə ziddir".

 

AXCP və Müsavat partiyalarının birləşmə qərarının AXCP-nin son qurultayında qəbul edildiyini deyən F.Qəhrmanlı bildirib ki, proses olduqca şəffaf aparılır. AXCP-nin birmənalı mövqe sərgilədiyini deyən partiyanın sədr müavini vurğulayıb ki, Müsavat Partiyasından da bu mövqeyi sərgiləyən qərar gözləyirlər: "Sülhəddin Əkbər və İbrahim İbrahimli istefasından sonra açıqlamalar verildi ki, birləşmə ilə bağlı partiya daxilində mövqelər heç də birmənalı deyil. Müsavat Partiyası sonradan açıqlama verərək prosesdən çəkilmədiyini desələr də, onlardan bu mövqeyi sübut edəcək qərar gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə