“Bəzən məktəblərdə elə şeylər var ki, biz istəsək də ona kömək edə bilmərik”-Açıqlama

“Bəzən məktəblərdə elə şeylər var ki, biz istəsək də ona kömək edə bilmərik”-Açıqlama
Bu gün məktəblərin 60-70%-i istiliklə təmin olunub. Bu barədə SİA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev məlumat verib. O bildirib ki, müəyyən məktəblərdə istiliklə bağlı çatışmazlıqlar mərkəzi isitmə sistemində olan problemlər ilə əlaqədardır.

"Bəzən məktəblərdə elə şeylər var ki, biz istəsək də ona kömək edə bilmərik. Əgər məktəbin istiliklə təchizatı zamanı kənardan istilik gəlirsə, ancaq bu məktəbə gəlmirsə, o zaman nə edə bilərik. Əgər məktəbin istilik sistemi mərkəzləşmiş qazanxana ilə işləyirsə, ona necə kömək etmək olar? Oradan istilik gələcək ki, məktəbdə də olacaq. Elə şeylər var ki, istəsək də bu mümkün deyil", - deyə o əlavə edib.

F.Həmzəyev vurğulayıb ki, idarənin əsas narahatçılığı mərkəzləşdirilmiş qaydada elektrik və ya mavi qazla təmin olunan məktəblərlə bağlıdır. Onun sözlərinə görə, məktəbin yerləşdiyi Bakının hər hansı bir qəsəbəsində elektrik və ya qazla problem olacağı halda, bu problem məktəbdə də yaşanacaq: "Ona görə düşünürük ki, gələcəkdə imkan daxilində bütün məktəblərdə fərdi qazanxanalar yaradılsın ki, məktəblərin yerləşdiyi hər hansı bir ərazidə problem yaşanacağı halda onlar bu narahatlıqdan kənar olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə