Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Bu gün Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri, Milli Məclis üzvləri iştirak edib.
Tədbir Heydər Əliyevə həsr olunan filmin nümayişi ilə başlayıb. Filmdə Ümummilli liderin siyasi fəaliyyəti ilə bağlı məqamlar tədbir iştirakçılarına nümayiş etdirilib. Filmin nümayişindən sonra məktəblilər "Canlı tarixi itirdik" şerini oxuyublar.
Anım mərasimi Səbail rayon İcra Hakimiyyətinin başçısı Arif Əsgərovun çıxışı ilə davam etdirilib. Çıxışdan əvvəl isə tədbir iştirakçıları ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan yeni tarixinin bütöv bir mərhələsinin bilavasitə dünya səviyyəli siyasətçi və zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevlə bağlı olduğunu deyən icra başçısı bildirib ki, məhz ulu öndərin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyətinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını söyləyən A.Əsgərov qeyd edib ki, dahi şəxsiyyət Azərbaycanın inkişafında, dünyanın aparıcı dövlətlərin etibarlı tərəfdaşına çevrilməsində böyük işlər görüb və onun siyasi irsin öyrənilməsi konkret zamanla məhdudlaşa bilməz. A.Əsgərov vurğulayıb ki, Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, parlaq zəkasına deyil, həm də xalqın etimadına əsaslanaraq ən böyük dəstəyi xalqdan alıb.
Səbail rayon İcra Hakimiyyəti başçısı bildirib ki, dünyanın ictimai-siyasi xadimlərin, mütəfəkkirlərin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Dünyanın ən nüfuzlu dövlət başçılarının ümummilli lider haqqında söylədikləri yüksək fikirlərin təsadüfi olmadığını vurğulayan A.Əsgərov qeyd edib ki, ulu öndər əmanət olaraq xalqımıza zəngin və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoyub.
Ümummilli lider Heydər Əliyevin anım mərasimi bədii kompazisiya və müğənnilərin ifaları ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB