Rusiya və Ermənistan arasındakı münasibətlərdə soyuqluğun davam edəcəyi açıqlamalardan bəlli olur
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri onun ümidlərini bir anda puça çıxardı. Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri çərçivəsində Azərbaycan və Rusiya arasında 16 sənəd imzalanması, hərbi-texniki əməkdaşlıq məsələlərinin bundan sonra da inkişaf etdiriləcəyi, Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar alması və bundan sonra da bu siyasətin davam etdiriləcəyini qəflətən eşidən və vahimə içərisində olan N.Paşinyan və onun komandası bu xəbəri eşidər-eşitməz tələm-tələsik Rusiya paytaxtına səfərə getdisə də nəticə arzuladığı kimi olmadı.
Guya nə isə bir nəticə əldə edəcəyinə ümid edən baş nazirin bu addımı da daxili auditoriyaya hesablanırdı və məhz buna görə də bu səfərin də uğursuz nəticələrini proqnozlaşdırmaq elə də çətin deyildi. Ermənistanın baş nazirindən tutmuş ən adi vətəndaşlarına qədər özləri də yaxşı başa düşürdülər və bilirdilər ki, rəsmi Moskva onların bu qədər xəyanətkarlığı fonunda qucaq açası deyil. Paşinyan Moskvaya yollanıb Rusiya prezidentinə nə qədər strateji müttəfiqlik və yaxud dostluq, tərəfdaşlıq nağılları oxusa da Vladimir Putinin ona inanacağına onsuz da zərrə qədər ümidi belə yox idi. Rusiya ilə ikibaşlı oyunlarını yenidən davam etdirəcəyinə də gümanı ola bilməzdi. Çünki, başda bu beli çantalı nümayişçi olmaqla Ermənistanın yeni hakimiyyəti Rusiyaya bacardıqları qədər nankorluq edib, arxa çeviriblər. Nə Rusiya prezidenti, nə də rus xalqı erməni simasızlığından xəbərsiz deyil. İndi mələk donuna girmək arzusunda olan baş nazirin maskası çoxdan cırılıb və idarəçilikdən zərrə qədər xəbəri olmayan, ölkəni çıxılmaz duruma salan çarəsiz Paşinyanın hansısa başqa bir çildə girməsi də fayda verən deyil. Ermənistanın yeni hakimiyyəti öz qeyri-səmimi mövqeyindən hətta özü də bezib. Bu bezdirici mövqe ilə Rusiya kimi nəhəng bir ölkəni tovlamağın mümkünsüz olduğu erməni cəmiyyətinə də, hakimiyyətinə də, lobilərinə də artıq çoxdan bəllidir.
Vladimir Putinin hansısa müsbət münasibət sərgiləyəcəyinə, ermənilərə əməkdaşlıq təklifləri edəcəyinə ümidlənmək sadəlövhlükdür
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini Putinlə məsləhətləşmədən həbs etdirən Paşinyanın Rusiya prezidentinin mərhəmətinə zərrə qədər də haqqı ola bilməz və bunu onun özü daha yaxşı başa düşür. Əgər Ermənistanın yeni hakimiyyətində təmsil olunan, Paşinyanın özü tərəfindən təyin edilmiş mədəniyyət naziri, “Ermənistanda rus dili qadağan edilməlidir” kimi bəyanatlar verirsə, Putinin hansısa müsbət münasibət sərgiləyəcəyinə, əməkdaşlıq, dostluq, tərəfdaşlıq təklifləri ilə çıxış edəcəyinə ümid etmək sadəlövhlükdən başqa nə ola bilər? İndi Moskvadan möcüzə gözləyən üşaq misalında hansısa təklif uman küçə nümayişçisinin təyinatı ilə Milli Təhlükəsizlik Şurasının sədri qoyulan Armen Qriqoryanın da antirusiya davranışı Moskvanın diqqətindən kənarda deyil və belə bir mövqenin müqabilində Rusiya Ermənistanla necə müttəfiqlik sazişi bağlaya bilər? Paşinyanın bütün davranışlarını müşahidə edən Rusiya onun rəhbərlik etdiyi hökumətə, ümumilikdə Ermənistan dövlətinə heç cür etibar edə bilməz. Ermənistanın küçə nümayişlərindən birbaşa baş nazir postuna oturdulan, beli çantalı nümayişçisi, yaxud yeni baş naziri əməllərinin girovu olaraq uğursuzluğa düçar olacağını əvvəlcədən yaxşı başa düşürdü.
Kreml Paşinyana hazırladığı “sürprizlər” Ermənistan üçün soyuq duş effekti verdi
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən bir gün qabaq Kreml Paşinyana bir sürpriz hazirladı. Belə ki, Rusiya Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan barədə axtarışları ləğv etdi. 2008-ci il martın 1-də Ermənistan paytaxtında baş verən qanlı hadisələrlə əlaqədar olaraq eks-nazir haqqında toplanmış materiallar öyrənildikdən sonra onun Rusiya ərazisində axtarışının ləğv edilməsi N.Paşinyan, eləcə də bütün Ermənistan üçün soyuq duş effekti idi. Yeni baş nazirin Rusiyaya səfərinə saatlar qalmış Rusiya Nikol Paşinyana daha bir sürpriz etdi. Rusiya ərazisində İrəvanın axtarışa verdiyi cinayətkar general axtarışı da dayandırıldı. Yuri Xaçaturov və Robert Köçəryanın ardınca 1 mart hadisələrinin günahkarı olan Mikael Arutyunyanı da Kreml öz himayəsi altına aldı.
Hansısa ölkənin rəhbərliyində olan şəxsi qəbul edəcək dövlətdə adətən səfərə uyğun olaraq müəyyən müsbət addımlar atılır. Daha dəqiq desək, səfər öncəsi atılan addımlar səfərin yüksək səviyyədə keçəcəyinə hesablanmış mesajlar olur. Lakin Paşinyanın Rusiya səfəri öncəsi bunun əksi müşahidə olundu və əslində bu da bir mesaj hesab olunur. Lakin, səfərin yüksək səviyyədə keçəcəyinə hesablanmış deyil, Ermənistan tərəfinin asılı vəziyyətini ona xatırlatmaq məqsədli bir mesaj verildi. Açıq şəkildə Moskva Paşinyana qarşı hörmətsizlik, saymazlıq edir. Onun küçə eyforiyasında olduğunu özünə xatırladaraq ələ də salır.
Diplomatiyadan xəbəri olmayan, səriştəsiz olan və idarəetmə keyfiyyətlərindən məhrum olan Nikol bir zaman Lavrovun, “Ermənistanda vəziyyətin qaynamağa davam etməsi bizi narahat edir” xəbərdarlığına, “bəli, indi havalar çox istidir” cavabını verərək, onu faktiki olaraq ələ salması bumeranq effekti ilə indi baş nazirin özünə qayıdır. Qərb dairələrinin hər zaman dəstək verəcəyinə əmin olan erməni baş nazir öz “ağa”sının üzünə ağ olmaqla, sanki tarana getdi. İndi dəstək və himayədən məhrum olduqları halda gördüyü bütün təhqir və hörmətsizlikləri rahat qəbul edən Nikol Rusiya prezidentinə bu dörd aylıq müddətdə yol verdiyi yanlışlara görə nə deyəcəyini, nə cavab verəcəyini, “sudan quru” necə çıxacağını özü də bilmirdi və hörmətsizliyin adekvat olduğunu başa düşürdü.
Ermənistan mətbuatı belə açıq şəkildə etiraf edir ki, Paşinyan və onun komandası Moskvada məğlub dürümda qalıb
Artıq Rusiyanın Ermənistanda itirdiyi mövqeləri geri qaytarmağa başladığı göz qabağındadır. Sözsüz ki, Rusiya onilliklərlə himayə etdiyi, Ermənistanı Qərbə hədiyyə edəsi deyildi də. Məxməri inqlabdan sonra eyforiyada olan yeni hakimiyyətə yetərincə dərs vermək iqtidarında olduğunu sübut etməyi də ruslar artıq bilir və hər məqamda fürsətdən istifadə edərək səriştəsiz hakimiyyəti məğlub duruma salmaq görünür hələlik qənaətbəxş hesab olunur.
Ermənistan mətbuatı belə açıq şəkildə etiraf edir ki, Paşinyan və onun komandası Moskvada məğlub dürümda qalıb. Armenianreport. com informasiya portalında qeyd olunur ki, Kreml əvvəlcədən hazırlanmış səhnəcik qurmaqla Paşinyanı “sözəbaxan uşaq” olmağa vadar edərək nəzarəti ələ kecirməyi bacarıb. Hətta həmin xəbər saytında xüsusilə vurğulanır ki, “baş nazirin xarici siyasət sahəsində təcrübəsi yoxdur və buna görə də Paşinyan və onun komandası ruslar tərəfindən hazırlanmış tələyə düşdü. Bu isə Kremlin xeyrinə oldu. Amma Putin Paşinyandan cəmi bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi çox mühriban qarşılayıb və dövlətlər arasında 16 sənəd imzalanıb. Paşinyanla Putinin son görüşü isə Ermənistanı məxməri inqlabdan əvvəlki vəziyyətinə gətirdi. Həm də daha acınacaqlı sonluqla”.
İşğalçı dövlətin mediası öz ölkəsinin baş naziri ilə Rusiya Prezidentinin bağlı qapı arxasındakı danışıqlarından da bəhs edir və bu zaman Rusiyanın kluarlarına istinad etdiyini bildirir. Tert.am saytında qeyd olunur ki, Nikol Paşinyan məqsədlərinin səmimi, təmiz olduğuna Putini inandırmaq üçün bütün mümkün vasitələrə əl atıb. Hətta sözügedən saytda o da xüsusi yer alır ki, əməkdaşlıq naminə Paşinyan bütün qaranlıq suallar üzrə güzəştə getməyə hazır olduğunu da gizlətməyib. Bir sözlə, Nikol Paşinyan indi də Vladimir Putinə yalvarmağa başlayıb, Moskva isə Paşinyanın göz yaşlarına inanmır.
Tert.am saytı “Joxovurd” qəzetinə intinadən məlumat verir ki, Ermənistanın baş nazirinin Moskvada iş adamları ilə görüşü də hamar keçməyib. İş adamlarının əksəriyyəti görüşdə müşahidəçi qismində iştirak edib və çıxıb gedib. Digər qismi isə öz aralarında söhbətləri zamanı bəyan ediblər ki, Ermənistana bundan sonra investisiya qoymayacaqlar və ehtiyat edirlər ki, yeni hakimiyyət onlara əlavə baş ağrısı verə bilər. Sayt “Troyka Dialoq” kompaniyasının rəhbəri Ruben Vardanyanın isə yeni hakimiyyətdən narazı olduğunu və Nikol Paşinyanla olduqca aqressiv danışdığını yazır.
Parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Armen Aştoyan isə jurnalistlərə açıqlamasında bildirib ki, "Ermənistan–Rusiya əlaqələrində yüksək plan qoyulub və bunu saxlamaq üçün isə kifayət qədər çox səy göstərmək lazımdır". Komissiya rəhbəri Baş nazir Nikol Paşinyanın Erməni-Rusiya əlaqələrinin mükəmməl olması barədə bəyanatını şərh edərkən qeyd edib ki, “mən vətəndaş kimi ikitərəfli əlaqələrdə problem olmamasına şad olaram. Çünki bizim ölkəmiz Rusiyadan həm təhlükəsizlik, həm də iqtisadi sahədə asılıdır.” Aştoyan bununla ölkəsinin asılılığını da etiraf edir. Əslində bu təkcə onun yox, başda Paşinyanın özü olmaqla bütün ermənilərin etirafıdır.
Vladimir Putin Ermənistan iqtisadiyyatının 75%-nin Rusiya kapitalından təşkil olunduğuna ehyam vurmaqla Nikol Paşinyana həddini bildirib
Rusiya mətbuatı da öz növbəsində baş nazirlə Putinin görüşünə münasibət bildirərkən Ermənistanın strateji əməkdaşlığa sadiq olduğuna Rusiyanı inandırmaq cəhdlərini ön plana çəkir. Təbii ki, rusların erməni hiyləgərliyindən xəbərdar olması fonunda belə bir cəhdin baş tutacağı inandırıcı deyil. Qərb və Rusiya arasında qalan işğalçı dövlətin ruslardan üz döndərməsi, hətta xəyanətkar mövqeyi təkcə Rusiya deyil, bütün dünya ictimaiyyətinə bəllidir. Belə olan halda əməllə deyil, sözlə Rusiya boyda nəhəng bir dövlətin təcrübəli rəhbərini aldatmaq cəhdlərinin faydasız qalacağına zərrə qədər şübhə ola bilməz. Hətta Rusiyada ekspertlərdən, siyasət adamlarından tutmuş ən sadə vətəndaşa qədər Ermənistannın yeni hakimiyyətinin strategiyasını doğru hesab etmirlər. Məsələn, Milli Strategiya şurasının üzvü Vladimir Jarixin qeyd edir ki, Ermənistanda aqressiv şəkildə əvvəlki hakimiyyət nümayəndələrinin ovu davam edir və hansıki, Rusiya bunu heç də müdrik addım hesab etmir.
Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya səfəri əsnasında gözlənildiyi kimi gərgin abu-hava hökm sürürdü və bu gərginliyi biz nazir Nikol Paşinyanın çıxışlarında da müşahidə edə bilərik. Cənab Prezident İlham Əliyevin Rusiya səfəri çərçivəsindəki hərbi-əməkdaşlığa toxunan Paşinyan, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsindən və bu göstəricinin artmağa meyilli olmasından ciddi narahatliq keçirdiyini, hətta vahimələndiyini də gizlədə bilməyib.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində ölkəsinin Ermənistanda əsas investor olduğunu, bu ölkədə kubu cəmi 150 dollara ucuz qaz verdiyini, habelə atom və istilik enerjisi sahəsini dəstəklədiyini xatırlatmaqla Ermənistan iqtisadiyyatının 75%-nin Rusiya kapitalından təşkil olunduğuna ehyam vurub. Daha dəqiq desək, Rusiya prezidenti Ermənistanın baş nazirinə həddini bildirib. Xüsusilə ,İrəvanın Rusiya ilə təbii qazın qiymətinə dair imzaladığı müqavilənin müddətinin bitdiyi bir zamanda, qazın kubunu çox ucuz qiymətə satdıqlarını bildirməsi, iki ölkə arası münasibətlərdə gərginlik davam edərsə qazın qiymətinin qaldırıla biləcəyini xatırlatması Putinin hədəsi də hesab oluna bilər. Atom və istilik enerjisi sahəsində Rusiyanın Ermənistanı dəstəklədiyini bildirməsi isə, gərginliyin davam edəcəyi təqdirdə Metsamor stansiyasında ermənilərin problem yaşaya biləcəklərinə işarəni xatırladan hədədir.
Gərgin atmosferdə keçən görüşdən Rusiya prezidenti heç məmnun qalmadı. İki ölkə arasındakı münasibətlərdə soyuqluğun davam edəcəyi açıqlamalardan bəlli olur. Bu görüş eyni zamanda tərəflərin bir-birinə inamsızlığını da nümayiş etdirdi. Rusiya Prezidentini ermənilərin baş naziri heç cür aldada bilmədi və görünən odur ki, Vladimir Putin Nikol Paşinyana etimad etmir. Məxməri inqlabdan sonra Ermənistanın yeni hakimiyyətinin, ələlxüsus baş nazirin Qərblə əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olması Rusiya dairələrində Ermənistana qarşı inamsızlığı hələ bundan sonra daha da artıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB