Sabah Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Sabah Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Sabah Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. SİA-nın Rusiya Federasiyası XİN İnformasiya və Mətbuat departamentinə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək tədbirdə şura tərəfindən 18 məsələ müzakirə olunacaq. Tədbirdə 2010-cu ildə Rusiyanın MDB-də sədrliyinin başa çatması ilə əlaqədar beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran mövzuları eyni zamanda birlik məkanında çoxtərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin aktual məsələləri müəyyən ediləcək.

 

Qurumun növbəti iclasında həmçinin hüquq-mühafizə, sərhəd təhlükəsizliyinin təmin edilməsi və hərbi siyasət sahəsində, eləcə də humanitar istiqamətdə kollektiv qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verməli olan sənədlərin layihələrini nəzərdən keçirmək planlaşdırılır.

 

Nazirlər müxtəlif sahələrdə ortamüddətli və uzunmüddətli xarakter daşıyan bir sıra proqram sənədlərini müzakirə edəcəklər. Sonradan həmin sənədləri dövlət başçılarının təsdiqinə təqdim etmək nəzərdə tutulur. Bəzi təşkilati məsələlərə, o cümlədən Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi ilə əlaqədar məsələlərə də baxılacaq.

 

Tədbirdə Azərbaycanı isə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir MDB Xarici İşlər Nazirləri Şurasının dekabrın 9-da keçiriləcək iclasında iştirak etmək üçün bu gün Moskvaya işguzar səfərə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə