Oqtay Gülalıyev: “Yoxsa, böyük faciə baş verə bilərdi”
Bəlli olduğu kimi, Klassik Azərbaycan Xalq cəbhəsi Partiyasında (KXCP) daxili vəziyyət bir neçə müddətdir ki, kritik səviyyəyə çatıb və baş verən qarşıdurmalar fonunda əsas tərəflər sədr Mirmahmud Mirəlioğlu və tərəfdarları ilə Oqtay Gülalıyevdir. Xatırladaq ki, O.Gülalıyev bir müddət əvvəl KXCP-nin ali məclisindən uzaqlaşdırılmışdı. Buna əsas səbəb kimi, onun AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Milli Şura”ya üzv olması, eləcə də partiyanın maraqlarına qarşı çıxması göstərilib. O cümlədən, KXCP-nin növbəti qurultayı gözlənilir və bu qurultayda sədr seçkisi ilə yanaşı, təşkilatın qarşıda dayanan vəzifələri, habelə digər vəzifələrə seçkilər keçiriləcək.
Digər bir maraqlı məqam isə, KXCP ali məclisinin sessiyasının çağırılmasına rəğmən, orada yaşanan qarşıdurmalar, eləcə də yetərsayın olmadığı üçün sessiyanın baş tutmamasıdır ki, bu amil də vəziyyətin gərginləşməsinə səbəb olub.
Lakin O.Gülalıyevin sosial şəbəkədə paylaşdığı statusu odun üzərinə benzin səpilməsi effektini verib. Məsələ ondadır ki, Gülalıyev artıq 7-ci aydır ki, ali məclisin sessiyasının keçirilmədiyini xatırladıb və keçirilməyən hər bir sessiyada yetərsayın olmadığını önə sürərək, bunu sədr M.Mirəlioğlunun günahı olduğunu bildirib. “KXCP-nin iclasında iştirak etmək üçün qərargaha gəlmişdim”, yazan O.Gülalıyev iclas başlamamışdan öncə ona qarşı bir neçə partiya üzvünün hücum etdiyini bildirib: “Bir neçə partiya üzvü mənə və digər dostlara hücum çəkərək bizi ittiham etməyə başladılar. Mən əvvəlcə bu ittihamlara əhəmiyyət vermək istəmədim. Məclis başlayan kimi təhqirə məruz qalanlardan biri MNTK üzvü Sərxan Carçı çıxış edərək bəzi partiya üzvlərinin qeyri-etik hərəkətləri barədə ölçü götürülməsinin vacibliyini bildirdi. Ali məclisin sessiyasında yetərsayın alınmamasına partiya rəhbərliyinin aydınlıq gətirməsini istədi. Məsələyə dərhal emosional reaksiya verən KXCP sədri Mirmahmud Mirəlioğlu təhqir edənlərə sözünü demək əvəzinə MNTK üzvünü yalan danışmaqda ittiham etməyə başladı. Aydın oldu ki, mənim və digər insanların üstünə yeriyən, bizi ittiham və təhqir edənlərin arxasında birbaşa sədr özü dayanır. Mirmahmud Mirəlioğlu daha sonra üzünü mənə tutaraq partiya ilə bağlı məsələnin sosial şəbəkədə müzakirə olunmasının namus məsələsi olduğunu bildirərək ali məclis üzvü olmadığıma görə məclisi tərk etməyimi xahiş etdi. Mən sədrin xahişinin nizamnaməyə zidd olduğunu, məclisin qapalı olmadığını, mənimlə bağlı məsələnin gündəlikdə olduğunu bildirdim. Məclisdə yetərsay olmadığı, vəziyyətin gərginləşməməsi üçün zalı tərk etdi...”
Maraqlıdır ki, O.Gülalıyev müxalifət “liderlənini” zəifliklərini etiraf edib və xalqın belə “liderlərin” arxasınca getmədiyini doğru seçim olaraq qiymətləndirib: “Deməli xalqımız haqlı olaraq belə “müxalifətçilər”in, “liderlər”in arxasınca getməyib, onların çağırışına səs verməyib, onları hakimiyyətə gətirməyib. Yoxsa bilirsinizmi nə baş verərdi? Böyük bir faciə...”.
Onu da qeyd edək ki, siyasi müxalifət kuluarlarında O.Gülalıyevin “Milli Şura”da təmsil olunması ilə yanaşı, AXCP sədri Əli Kərimlinin tapşırıqlarını həyata keçirdiyi deyilir. Eyni zamanda, KXCP sədri M.Mirəlioğlu da bu iddiadadır ki, O.Gülalıyev KXCP-ni parçalayaraq, onun üzvlərini AXCP, yaxud, “Milli Şura”ya transfer etsin. Ancaq fakt budur ki, KXCP daxilində yaranmış vəziyyət həqiqətən də pik həddə çatıb və belə davam edərsə, partiyanın parçalanacağı ehtimalı da arta bilər. Bu isə AXCP sədri Əli Kərimlinin əlinə oynayan haldır. Bu baxımdan, Mirmahmud Mirəlioğlu son gücünü ortaya qoyaraq, ona və sədri olduğu partiyaya qarşı savaş açan tərəflərə daha ağır zərbələr vurmağa məhkumdur. Hər halda, qurultay baş tutarsa, ondan sonrakı proseslər bütün reallıqları ortaya çıxarmış olacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB