"Haaretz": "İsrail üzr istəməyə hazırdır"

"Haaretz": "İsrail üzr istəməyə hazırdır"

İsraildə yayımlanan "Haaretz" qəzeti Cenevrədə keçirilən Türkiyə-İsrail diplomatik görüşlərində Təl-Əvivin psinsip etibarilə Ankaradan üzr istəməyi və təzminat ödəməyi qəbul etdiyini yazıb.

SİA-nın xəbərinə görə, "Haaretz" türkiyəli diplomat Firidun Sinirlioğlu ilə İsrailin BMT-də baxılan "Mavi Mərmərə" istintaqındakı təmsilçisi Jozef Cieçhanoverin Cenevrədə ikinci dəfə görüşdüklərini diqqətə çatdırıb.

Türkiyədəki diplomatik mənbələrə istinadən verilən xəbərdə İsrail və Türkiyə diplomatlarının görüşlərinin ikinci turunda irəliləmə qeyd edildiyi bildirilib.

Qəzetin xəbərinə görə, iki ölkə əlaqələrin normallaşmasını təmin edəcək mətn üzərində anlaşmaya yaxınlaşıb. Diplomatlar mətn üzərində müzakirələri bitirdikdən sonra fikirlərini öz baş nazirlərinin təsdiqinə təqdim edəcəklər.

Qəzet tərəflər arasında hüquqşünasların görüşünün də keçirilməsinin planlaşdırıldığını yazıb. Əgər bunlar baş tutarsa, iki ölkə arasında yeni dövr başlayacaq.

Qeyd edək ki, Qüdsdə keçirdiyi mətbuat konfransda İsrailin Baş naziri Binyamin Netanyahuya Türkiyədən üzr istəyib istəməyəcəklərinə dair sual ünvanlanıb. Netanyahu suala konkret cavab verməkdən yayınıb.

Avropalı diplomatik mənbələr İsrail üçün məsələnin ən çətin tərəfinin üzr istəmək olduğunu bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə