"Azərbaycanın Avropada dostlarının sayı artmaqdadır” MÖVQE-ÖZƏL

"Azərbaycanın Avropada dostlarının sayı artmaqdadır” MÖVQE-ÖZƏL

“Azərbaycan Prezidentinin qısa müddət ərzində bir neçə xarici dövlətə səfəri və eyni zamanda digər dövlət rəsmilərinin ölkəmizə gəlməsi Azərbaycanın aktiv və səmərəli xarici siyasət yürütməsinin nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, güclü dövlətə malik olmaq üçün daxili siyasət güclü olmalıdır: “1993-cü ildən Ulu Öndər Heydər Əliyevin indi isə, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycan güclü, inkişaf edən, vətəndaşlarının hüquqlarını qoruya bilən dövlət qura bilib. Azərbaycan bu gün beynəlxalq birlikdə ilk növbədə özünün dövlətçiliyi, iqtisadi potensialı, cəmiyyətin prezidentini müdafiə etməsi faktorları ilə çıxış edir. Biz artıq nəinki qonşu dövlətlər, Azərbaycanla əlaqələri yeni qurulan ölkələrlə sıx dostluq münasibətlər yaradırıq”.

Son dövrlərdə Prezident İlham Əliyevin Azərbaycanın ənənəvi dostu olan Qırğızıstan və Rusiyaya səfərlərini xatırladan A.Mirzəzadə söyləyib ki, bununla yanaşı dövlət başçısının Xorvatiyaya səfəri göstərdi ki, Azərbaycan arzu olunan dövlətdir: “Ölkəmizlə dostluq etmək, etibarlı münasibətlər qurmaq mümkündür. Bu əlaqələr hər iki tərəfin marağına cavab verir. Xorvatiyanın timsalında Azərbaycan Avropada yeni dost qazandı və bu dostlarımızın sayı artmaqdadır”.

Deputat vurğulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiqdir: “Ölkəmizin təklif və iştirak etdiyi layihələr bir qayda olaraq, daha çox dövlətlərin maraqlarına səbəb olur. Yeni iş yerləri yaradılır, büdcəyə daxilolmalar çoxalır. Azərbaycanın iştirakı ilə həyata keçirilən iqtisadi layihələr olan ölkələrdə siyasi stabillik və inkişaf hökm sürür. Azərbaycan nümunəsi və dövlətçilik təcrübəsi bu gün dünyanın böyük marağına səbəb olur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə