"Rusiya Ermənistana ciddi xəbərdarlıq edə bilər" ŞƏRH-ÖZƏL

"Rusiya Ermənistana ciddi xəbərdarlıq edə bilər" ŞƏRH-ÖZƏL

“Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra düşmən ölkə tərəfindən Dağlıq Qarabağla bağlı səslənən fikirləri ciddi hesab etmirəm. Çünki, Paşinyan üçün ailə məsələsi dövlət məsələsindən daha irəlidədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Paşinyanın Moskvadan qayıdandan sonra Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi kimi görməsi ilə əlaqədar söylədiyi bəyanat bir daha təsdiq edir ki, o siyasəti anlamır: “Ümumiyyətlə, Paşinyan siyasət, davranış nədir bilmir. O hələ uzun müddət də dövlət şüurunun nə olduğunu anlamayacaq. Bildiyiniz kimi Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mübahisə yaratdı ki, indiyədək hələ də Rusiya onun əvəzini çıxır. Rusiya artıq Ermənistanın bir sıra vacib subyektlərini də əlindən alıb”.

M.Əhmədoğlu söyləyib ki, Nikol Paşinyanın Moksvadakı görüşündən sonra səsləndirdiyi sərsəm bəyanat bu Avrasiya İqtisadi Birliyinin nizamnaməsini pozması deməkdir: “Çünki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Dağlıq Qarabağı özünün tərkib hissəsi kimi tanımayacağı ilə bağlı rəsmən üzərinə öhdəlik götürüb. Sarkisyan birliyin iclasında bu öhdəliyə götürdü və sonradan İrəvana qayıtdıqdan sonra düşmən ölkənin XİN başçısı da bununla bağlı nota təqdim edərək bir daha təsdiq etmiş oldu”.

Bundan öncə KTMT-nın, indidə Avrasiya İqtisadi Birliyinə zidd hərəkət etdiyini deyən politoloq vurğulayıb ki, yaxın vaxtlarda Rusiya tərəfindən ciddi xəbərdarlığın ediləcəyi gözləniləndir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə