"Azərbaycan partnyorluq əlaqələrinin inkişafına böyük önəm verir" MÖVQE
“Son vaxtlar ölkəmizin istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən əldə etdiyi nailiyyətlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlərlə bağlıdır. Bundan başqa Azərbaycanı siyasi, iqtisadi, mənəvi, mədəni və digər istiqamətlərdə özünə tərəfdaş hesab edən dövlətlərin məhz ölkəmizə səfərlər etməsi, eyni zamanda Azərbaycan Prezidentinin digər dövlət başçıları ilə görüşləri bir daha göstərir ki, Azərbaycanın eyni müstəvidə olan ölkələrlə partnyorluq əlaqələrinin inkişafına böyük önəm verilir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
O bildirib ki, Avropanın ən mühüm dövlətlərindən olan Almaniyanın kansleri Angela Merkelin ölkəmizə səfər etməsi, iqtisadi tərəfdən Azərbaycanın tərəfdaş adlandırması, eyni zamanda Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynamasını qeyd etməsi müsbət amildir: “Yəni Almaniya Azərbaycanla artıq karbohidratlar, iqtisadi cəhətdən meqa layihələrlə bağlı tam şəkildə razılaşır və gələcəkdə bu istiqamətdə özlərinin partnyorluq münasibətlərini davam etdirməsi üzərində çalışır və işlərini bu istiqamətdə qururlar”.
Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə Soçidə keçirilən məlum görüşünü xatırladan siyasi şərhçi söyləyib ki, Azərbaycanın daxili və xarici siyasətinin prioritet istiqamətini Dağlıq Qarabağ münaqişəsinin həlli olduğu üçün Dövlət başçısı keçirdiyi bütün görüşlərdə bu məsələni xüsusilə vurğulayır: “ Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşdə də buna çox mühüm əhəmiyyət verildi, Rusiya ilə Azərbaycanın ənənəvi hərbi-texniki əməkdaşlığa malik olması məsələsi qeyd olundu. Bundan başqa Azərbaycan prezidentinin Qırğızıstanda səfərdə olarkən iştirak etdiyi Türkdilli dövlətlərinin sammitində çıxışı bir daha göstərdi ki, biz türk dünyasının ən mühüm dövlətlərindən biriyik. Bu əlbəttə ki, Azərbaycan diplomatiyasının uğurunun göstəricisidir”.
A. Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan xalqının milli maraqlarına əsaslanır: “Son Xorvatiya səfəri göstərdi ki, ölkəmizin qarşıya qoyduğu məqsədlərdən biri Avropaya inteqrasiyadır. Bunu Xorvatiyanın prezidenti öz çıxışında vurğulayaraq, Azərbaycanın iqtisadi, siyasi və digər istiqamətlərdə önəmli ölkə olduğunu qeyd etdi. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq güclənir”.
Siyasi şərhçi əlavə edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət, Azərbaycan diplomatiyasının əldə etdiyi uğurlar göstərir ki, hətta düşmənimiz belə bizimlə ehtiyatla davranmağa başlayıb: “Ermənistan özü etiraf edir ki, bu gün Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğurları çox böyükdür. Hətta buna mane olmağa da çalışırlar. Azərbaycanın həm Şərq, həm Qərb, həm regional həm də digər qonşu dövlətlərlə apardığı balanslı siyasət nəticəsində ölkəmiz bu gün geosiyasi xəritəni dəyişən bir ölkəyə çevrilib. Bu çox mühüm amildir. Düşünürəm ki bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB