Azərbaycan və Yaponiya arasındakı əlaqələr inkişaf edir və genişlənir
Azərbaycanın Yaponiya ilə qarşılıqlı faydalı əlaqələrinin, münasibətlərinin genişlənməsi strateji baxımdan olduqca əhəmiyyətlidir
Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı Yaponiyanın nümayəndə heyəti Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək niyyətini gizlətməyib. Təbii ki, Yaponiya Azərbaycandan keçən “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinə də maraq göstərir. Dünya iqtisadiyyatında mühüm pay sahibi olan Yaponiya sözsüz ki, müxtəlif enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmir və iştirakının mümkünlüyünü nəzərdən keçirir.
Şərqi Asiyada Çinin, Şimali və Cənubi Koreyanın, Rusiyanın şərqində yerləşən, Sakit okeandakı 6.852 adadan, ən böyükləri isə Hokkaydo, Honşu, Şikoku, Kyuşu olan dörd adadan ibarət arxipelaqda yerləşmiş Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstərici ilə həmin ölkə dünyada 10-cu yerdədir. 1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan sonra Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan - Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.
BMT, G7, G8 və G20 platformalarının üzvü olan Yaponiya dünyanın böyük güclərindən biri sayılır. Ölkə ümümdaxili məhsulun həcminə görə dünyanın ən güclü 4-cü, alıcılıq qabiliyyətinin tarazlığına görə isə 3-cü ən güclü iqtisadiyyata malikdir. Dövlət həm də dünyanın sayca 5-ci ixracatçısı və idxalçısı, dünyanın ən böyük 8-ci hərbi büdcəyə malik dövlətidir. Yüksək yaşayış səviyyəsinə və İnsan İnkişafı İndeksinə malik dövlət olan Yaponiyanın əhalisi bu imkanlardan faydalanır və bu ölkə Ölkə Brend İndeksində dünyada 1-ci, Qlobal Sülh İndeksində də Asiya ölkələri arasında 1-ci yerdədir.
Yaponiya bu gün Asiya-Sakit okean bölgəsinin iqtisadi cəhətdən yeganə superdövlətidir ki, yüksək texnologiya sahəsində ABŞ və Avropa Birliyi ölkələri ilə rəqabət gücünə malikdir. Çox zəif təbii və enerji resurslarına malik olmasına baxmayaraq, bu ölkə XX əsrin ikinci yarısında bütün dünyaya ən yüksək modernləşmə və inkişaf nümunəsi göstərə bilib. Yaponiyanın böyük iqtisadi təcrübəsi var və ölkədə dəqiq texnologiya sahəsində tanınmış bir çox şirkətlər - nəqliyyat vasitələri, elektrik avadanlıqları, dəzgah, əlvan poladəritmə, gəmiqayırma, toxuculuq, parça, kimya və qida sənayesi və s. digər müəssisələr yerləşir.
Azərbaycan Yaponiyanın maraq dairəsində olan dövlətdir
Dünyanın belə yüksək mövqeyə, ixrac və idxal potensialına malik ölkəsi ilə Azərbaycanın qarşılıqlı faydalı əlaqələr, münasibətlər qurması strateji baxımdan olduqca əhəmiyyətlidir və qurulan bu əlaqələr eyni zamanda onu göstərir ki, Azərbaycan Yaponiyanın maraq dairəsində olan dövlətdir. Dövlət müstəqilliyinin bərpası dövrünə qədər Azərbaycanla Yaponiya arasındakı münasibətlər daha çox mədəniyyət diplomatiyası, qismən isə müəyyən elmi-iqtisadi layihələrlə məhdudlaşırdı. Siyasi məsələlərlə bağlı qərarların ittifaq mərkəzində verildiyini nəzərə alsaq, münasibətlərdəki bu məhdudiyyət təbii ki, normal qarşılanmalıdır. Əslində isə Azərbaycanla Yaponiya arasındakı əlaqələrin həm mahiyyət, həm də keyfiyyətcə yeni dövrü ölkəmizin müstəqilliyi dövründə başlandı və o vaxta qədər mədəniyyət diplomatiyası, elm-texniki əməkdaşlıq sahələrində əldə edilmiş təcrübə, qarşılıqlı hörmət və etimad bu əlaqələrə öz töhfələrini verdi.
Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri və dünyanın böyük siyasi, iqtisadi gücə malik ölkələrindən sayılan, dünya güclərinin bir araya gəldiyi “Səkkizlər” qrupuna daxil olan Yaponiyanın 1991-ci il dekabrın 28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanınması haqqında bəyanatla çıxış etməsi gənc Azərbaycan dövlətinin böyük qələbəsi, ölkələrimiz arasında dostluq münasibətlərinin bariz nümunəsidir. Umummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Yaponiya arasındakı münasibətlərin inkişafı xüsusilə daha ardıcıl və səmərəli xarakter aldı və Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondunun Azərbaycanın çətin günlərində ölkəmizə verdiyi dəstək əlaqələrin formalaşmasında mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyev 17 yanvar 1998-ci il tarixində Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondunun nümayəndə heyətini qəbul edərkən Azərbaycan dövlətinin Yaponiya ilə əməkdaşlığa xüsusi diqqət verdiyini qeyd edərək, ölkələrimizin bütün fəaliyyət sahələrində yaxşı tərəfdaş olmaq imkanlarını diqqətə çatdırması da təsadüfi deyildi. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan ikitərəfli sənədlərin imzalanması, “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanat”, “Azərbaycan Respublikası və Yaponiya arasında ticarət və iqtisadiyyat sahəsində birgə bəyanat” xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanla əlaqələrin inkişafı Yaponiyanın “Avrasiya diplomatiyasında” xüsusi yer alır
Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü Böyük İpək Yolunun bərpası təşəbbüsünə fəal dəstək verən Yaponiya ilə Azərbaycanın maraqları tamamilə üst-üstə düşür. Xüsusi olaraq xatırlatmaq yerinə düşərdi ki, yeni “İpək yolu” Yaponiyadan başlayaraq, Çin və Orta Asiyadan, daha sonra isə Xəzər dənizindən və Azərbaycandan keçir və Ulu Öndərin dediyi kimi, “Yaponiya bu yolun ən şərq nöqtəsində, Azərbaycan isə ortasındadır”. Məhz buna görə də Yaponiya Azərbaycan Respublikasına İpək Yolunun üstündə yerləşən əsas ölkə kimi baxır və Avropa, eləcə də Asiyanın bir çox ölkələrinin ümumi maraq dairəsində olan Azərbaycanın güclənməsinə etnasız deyil. Bununla əlaqədar Azərbaycanla iqtisadi və siyasi əlaqələrin inkişafı Yaponiyanın “Avrasiya diplomatiyasında” xüsusi yer alır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu xəttin daha da inkişaf etdirilməsi, Yaponiya-Azərbaycan münasibətlərində yeni bir dönəm başlanması göz qabağındadır. Yaponiya dövlətinin regionda əsas strateji tərəfdaşı kimi məhz Azərbaycanı görməsi inkaredilməz reallıqdır və təsadüfi deyildir ki, 2000-ci ildə Yaponiya höküməti tərəfindən regionda səfirlik ilk dəfə məhz Azərbaycanda öz fəaliyyətinə başlayıb. Azərbaycanda səfirliyin açılığından 9 il sonra, yəni 2009-cu ildə Gürcüstanda, 15 il sonra, yəni 2015-ci ildə isə Ermənistanda Yaponiya səfirliyi açılıb. Bu birincilik təbii ki, Yaponiyanın Azərbaycana verdiyi önəmin bariz nümunəsidir.
Azərbaycanla Yaponiya arasında 1992-ci ildən başlayaraq qurulan diplomatik münasibətlər, dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar ölkələrimiz arasında sosial-iqtisadi sahədə əmədaşlıq əlaqələrinin inkişafı üçün geniş imkanlar demək idi və bu imkanlar reallığa çevrilməkdə hələ də davam edir. Umummilli Lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı imzalanmış müvafiq sənədlər çərçivəsində “Şimal” buxar-qaz elektrik stansiyasının tikintisinə və layihələşdirilməsinə güzəştli şərtlərlə 165 milyon dollar, həmçinin “EP-300”-ün etil-polietilen zavodunda qurulmasına 75 milyon dollar kredit vermiş Yaponiya hökuməti, bununla yanaşı ərzaq mallarının istehsalının inkişafı məqsədilə Azərbaycana 3 milyon 250 min dollarlıq qrant, səhiyyə sahəsində inkişaf və yenidənqurma üçün 1,7 milyon dollar məbləğində humanitar yardım ayırması təqdirəlayiqdir və ölkələrimiz arasındakı dostluq münasibətlərinin sədiqidir.
Hazırda Cənubi Qafqaz regionunda Yaponiyanın ən böyük maraq dairəsində olan dövlət məhz Azərbaycandır və bu maraq münasibətlərin hər iki ölkə üçün qarşılıqlı faydalılığı baxımından böyük perspektivlər doğurur. Yaponiya kimi inkişaf etmiş, qabaqcıl bir ölkənin Azərbaycanda neft sektorunun inkişaf etdirilməsi, qlobal kommunikasiya layihələrinin reallaşdırılması, sosial-mədəni sahələrdə yeni texnologiyaya əsaslanan proqramların tətbiqində fəal iştirakı hər bir istiqamətlərdə daha böyük uğurlara zəmin yaradır. Azərbaycan Yaponiyanin regiondakı etibarlı tərəfdaşıdır və siyasi-diplomatik, eyni zamanda iqtisadi sahələrdə getdikcə genişlənən nailiyyətlər, ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən-ilə artması bu münasibətlərin yaxın gələcəkdə daha da inkişaf etdiriləcəyindən xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB