Akif Nağı: “Danışıqların formatının dəyişdirilməsi münaqişənin idarə olunan formaya salınmasına gətirib çıxara bilər” - MÖVQE

Akif Nağı: “Danışıqların formatının dəyişdirilməsi münaqişənin idarə olunan formaya salınmasına gətirib çıxara bilər” - MÖVQE

"Astana sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşməməsi və Rusiyanın istədiyi sənədin qəbul olunmaması Azərbaycanın xeyrinədir". SİA-ya açıqlamasında bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Astana sammiti ilə bağlı erməni mətbuatında pafosla səslənən açıqlamalara münasibət bildirərkən deyib.

 

QAT rəhbəri bildirib ki, Astana sammiti ilə danışıqlar görüntüsünə kifayət qədər ağır zərbə endirilib: "Dəfələrlə münasibətimizi bildirmişik ki, bu münaqişənin sülh yolu ilə həlli yoxdur, yeganə yol müharibədir. Müharibə perspektivinin yaxınlaşması baxımından hesab edirəm ki, sammitdə hansısa bir sənədin qəbul olunmaması Azərbaycanın xeyrinə olub".

 

Ermənistan hakimiyyətinin pafoslu bəyanatlarla özünə bəraət qazandırdığını qeyd edən A.Nağı bildirib ki, ermənilər NATO-nun Lissabon sammitində qəbul olunan qərarın təkrarlanacağından qorxurdular: "Lissabon sammitində birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü öz əksini tapmışdı, xalqların öz müqəddəratını təyin etmə prinsipi isə qeyd olunmamışdı. Bu məsələ birbaşa olmasa da, dolayı şəkildə Astanada qəbul olunan birgə bəyanatda əksini müəyyən mənada tapdı. Yəni, Helsinki Yekun Aktının prinsiplərinə tərəfdar olduqları bu bəyanatda göstərildi. Orada həm ərazi bütövlüyü, həm də öz müqəddəratını təyin etmə məsələsi var. Bu baxımdan ermənilər Astana sammitini özləri üçün nəticə hesab edirlər. Hesab edirəm ki, Rusiyanın iştirakı ilə indiyə kimi razılaşdırılmış məsələlərlə bağlı hər hansı bir sənəd imzalansaydı, danışıqların illər boyu davam etdirilməsinə imkan verərdi. Bu vəziyyət isə erməniləri tamamilə qane edir. Ermənistan danışıqlar pərdəsi altında status-kvonu saxlamaq istəyir".

 

Bir sıra ekspertlər ATƏT-in vasitəçiliyindən imtina edərək münaqişəni digər beynəlxaql təşkilatların gündəminə daşımağı faydalı hesab edirlər. QAT sədri isə hesab edir ki, bu özünü aldatmaqdan başqa bir şey deyil. BMT-də də münaqişənin həlli zamanı əsas söz sahiblərinin ATƏT-in Minsk qrupunda həmsədr olan ölkələrin olacağını deyən A.Nağı bu baxımdan format dəyişikliyinin nəticə verməyəcəyini vurğulayıb: "Danışıqların formatının dəyişdirilməsi və danışıqlar prosesində hansısa sənədlərin qəbulu danışıqların uzadılmasına və münaqişənin idarə olunan formaya salınmasına gətirib çıxara bilər. İri dövlətlər istəmirlər ki, məsələ onların nəzarətindən çıxsın".

 

Qeyri-hökümət təşkilatlarının Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında roluna gəlincə, QAT sədri Azərbaycan QHT-lərin bu məsələdə kifayət qədər fəallaşdığını bildirib: "Həm Azərbaycanda, həm də kənarda keçirilən tədbirlərdə QHT-lərimiz olduqca fəaldır. Qloballaşan dünya vahid informasiya məkanındadır. Belə bir dövrdə heç kim deməsin ki, münaqişədən xəbərsizdir. Qarabağla bağlı xəbərsiz olması tezisi özünü doğrultmur. Bütün dünya ölkələri gözəl bilir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib. Sadəcə olaraq bu informasiyaya reaksiya vermək istəmirlər. Azərbaycanın diaspor təşkilatları, həm də beynəlxalq səviyyəyə çıxan QHT-lərimiz Qarabağla bağlı əhatəli tədbirlər keçirirlər. İndiyə kimi ermənilərin sırf Dağlıq Qarabağla bağlı keçirdiyi tədbirlərin nadir hallarda şahidi olmuşam. Ermənilər daha çox çalışırlar ki, dünyanın müxtəlif yerlərində iqtisadi, mədəni tədbirlərdə Qarabağ bölməsini açsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə