“Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi Gəncədə

“Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi Gəncədə

6 dekabr 2010-cu ildə Gəncə şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, USAID, Conterpart Azerbaijan-ın dəstəyi ilə "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması" layihəsinin 3-cü zonal təliminin açılış mərasimi olub.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, açılış mərasimində "İRƏLİ" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Möhsüm Hüseynov, Gəncə şəhər Nizami Bələdiyyəsinin Gənclərlə iş komissiyasının sədri Mikayil Zeynalov çıxış edərək layihənin məqsədi və keçirilməsinin vacibliyi barədə söhbət açıblar. Gəncə şəhəri, Qazax və Gədəbəy rayonlarının daxil olduğu zonadan ümumilikdə 30 nəfər gənc 3 gün davam edəcək təlimlərdə ekspertlər tərəfindən liderlik, şəbəkələşmə, komanda işinin qurulması istiqamətində biliklər alacaqlar.

Layihə çərçivəsində növbəti təlim Sumqayıt şəhərində keçiriləcəkdir. 2011-ci ilin əvvəlində isə bu layihə iştirakçılarının qatılacağı "Gənc Liderlər üçün Yaz Universiteti"nin təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi daim regionlardakı layihələrə xüsusi diqqət yetirir. "İnformasiya Texnologiyalar Akademiyası" və "Bələdiyyə-2009" layihələri ölkənin bütün rayonlarını əhatə edərək gənclərin böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə