“Hüquq müdafiəçiləri” və onların xarici havadarlarına növbəti dəfə gerçək hüquq dərsi keçməyin zamanı çatıb”
Artıq dəfələrlə sübuta yetirilib ki, qondarma siyasi məhbus siyahıların hazırlamasının arxasında müəyyən siyasi maraqlar, xarici dairələr dayanır, hətta “işçi qrup” deyilən qurumda birləşən və bu məsələdə maraqlı olan “hüquq müdafiəçiləri” müxtəlif şəkildə “siyasi məhbus siyahılarındakı” bəlli maraqlarını güdürlər. Əbəs deyil ki, məlum xarici təşkilatlar və həmin təşkilatlara bağlı olan Avropa və Qərb qurumları Azərbaycan dövlətinə təzyiqin müxtəlif yollarını fikirləşərkən, bu cür “hüquq müdafiəçiləri” ilə əlbir olurlar. Ümumiyyətlə, bu ətrafda təhlillər aparılarkən bu cür nəticəyə gəlmək olar. Belə ki, “siyasi məhbus” oyunbazlığı ilə hazırlanmış qondarma siyahılar əslində, biriləri üçün gəlir mənbəyidir.
“Siyahılarda” adları çəkilən şəxslərin əməllərində cinayət tərkibinin olması kimsədə şübhə doğurmur
Digər bir tərəfdən o da məlum olur ki, "hüquq müdafiəçiləri" heç bir aidiyyatı olmayan şəxsləri "siyasi məhbus" siyahısına salmaqla onların işini yüngülləşdirmir, əksinə ağırlaşdırırlar. Çünki bu adamlar da yaxşı bilirlər ki, təzyiq yolu ilə Azərbaycanda nə isə etmək mümkün deyil. Eyni zamanda, “siyahılarda” adları çəkilən şəxslərin əməllərində cinayət tərkibinin olması da kimsədə şübhə doğurmur. Ona görə də bu gün yaramaz və yanlış yol tutaraq, qondarma siyahılar hazırlamaqla öz şəxsi maraqlarını gələcəkdə təmin etmək istəyən "hüquq müdafiəçiləri", "QHT-çilər" və siyasi partiyalara bağlı olan insanlar bu yoldan çəkinməyə məcburdurlar. Çünki başqa çıxış yolları da yoxdur.
İddia edənlər illərdir ki, “siyasi məhbusların” hansı kriteriyalara aid olduqlarını əsaslandıra bilmirlər
Bu arada, millət vəkili Çingiz Qənizadənin mediaya verdiyi açıqlamasını xatırlaya bilərik. O, bildirib ki, indiyə qədər beynəlxalq təşkilatlar və Avropa Şurası "siyasi məhbus" sözünün mənasının, belə siyahıların hansı kriteriyalara əsasən tanındığını normal şəkildə tapıb, ortaya qoya bilməyib: "Təəssüf ki, illərdir bu istiqamətdə söhbətlər gedir. Azərbaycan və digər dövlətlər tələb edirlər ki, "siyasi məhbus"ları hansı kriteriyalara əsasən müəyyən etdiklərini açıqlasınlar. Təəssüf ki, bu günə qədər məsələ açıq qalır və beynəlxalq təşkilatlar hansı dövlətlərdə "siyasi məhbus" görmək istəyirsə, göndərilən siyahılara "hə" deyirlər. Bu isə siyasi və digər maraqlardan irəli gəlir”.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycanın nümayəndə heyəti Avropa Şurasının tədbirlərində və sessiyalarında iştirak edərkən, dəfələrlə bu məsələlər qabardılıb. Sadəcə, bu qurumda olan qərəzli məruzəçilər haqlı tələblər qarşısında susqun qalıblar. Görünür, yenidən bu kimi məsələlərlə ölkəmizə qarşı təzyiqlər göstərməyə çalışan yerli “hüquq müdafiəçiləri” və onların xarici havadarlarına növbəti dəfə gerçək hüquq dərsi keçməyin zamanı çatıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB