Ekspert: "Azərbaycan tarixən Rusiya ilə sıx münasibətdə olub" ÖZƏL-MÖVQE

Ekspert: "Azərbaycan tarixən Rusiya ilə sıx münasibətdə olub" ÖZƏL-MÖVQE

“Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfər edib. Soçi şəhərindəki "Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Görüşü şərh edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri, internet-media eksperti Səbuhi Abbasov SİA-ya açıqlamasında deyib ki, Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır: “Biz tarixən Rusiya ilə sıx münasibətdə olmuşuq. Bu münasibət tək siyasi müstəvidə deyil, eyni zamanda mədəni-sosial bağlarla inkişaf edir. Rusiya və Azərbaycan strateji tərəfdaşlıq səviyyəsində daima regional və beynəlxalq müstəvidə bir-birilərini müdafiə ediblər. Eyni zamanda, Azərbaycan Rusiya mədəniyyətinin ölkəmizdə inkişafı üçün bütün mümkün addımları atıb. Bu gün Azərbaycanda onlarla rusdilli məktəblər, ali təhsil ocaqları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bakıdakı rus icması ölkəmizdən hər cür dəstəyi alır və gələcəkdə də alacaqdır. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq biz hər zaman rus mədəniyyətinin inkişafı naminə gərgin fəaliyyət göstərmişik. Hesab edirəm ən böyük və ən qüdrətli qonşu dövlət kimi Rusiya ilə əlaqələrimizi qoruyub saxlamalıyıq. Prezident İlham Əliyev də görüşdə Rusiya ilə münasibətlərə necə önəm verdiyini qeyd etdi. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin də Azərbaycanla möhkəm dostluq, qardaşlıq münasibətləri olduğunu dedi. Şübhəsiz ki, Rusiya və bu kimi supergüc dövlətlərlə ən ali səviyyədə münasibətlərin qorunması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin bariz nümunəsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə