Əli Əhmədov: “Müxalifətdə çox ciddi dəyişikliklərin edilməsinə ehtiyac var”

Əli Əhmədov: “Müxalifətdə çox ciddi dəyişikliklərin edilməsinə ehtiyac var”
"Müxalifətdə çox ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Mən deyərdim ki, bu sosial sifarişə çevrilib". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, radikalçılık əsasında, böhtan atmaq zəminində siyasi fəaliyyət qurmaq və insanların dəstəyini əldə etmək mümkün deyil. Onun sözlərinə görə, Azərbaycan müxalifəti bunu dərk edə bilmədiyinə görə ictimai dəstəyini tamamilə itirib. İctimai dəstəyi itirən partiyanın partiya şəklində deyil, sadəcə insanlar tərəfindən heç də xoş münasibət bəslənməyən qruplaşmaya çevrildiyini deyən sədr müavin söyləyib ki, bu gün həqiqət ondan ibarətdir ki, Azərbaycan müxalifətinin radikal qanadı cəmiyyətin əksəriyyətinin xoş münasibət bəsləmədiyi bir quruma çevrilib: "Əslində bu qurum lazımsız bir qurumdur. Bu müxalifəti ciddi şəkildə düşündürməlidir. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan müxalifətində çox ciddi dəyişiklilərin aparılmasına ehtiyac var. Dəfələrlə seçkilərdə iştirak edən və iştirak etdiyi bütün seçki kampaniyalarında uduzanların mütləq şəkildə yeniləşməsinə ehtiyac var. Əgər kimlərsə bunu dərk etmir, kimlərsə bu yeniləşməyə hazır deyilsə, təbiidir ki, onların bu inadkarlığı real proseslərə obyektiv qiymət verə bilməmələri nəticə etibarı ilə siyasi partiyalarda çox ciddi dövran meyllərinin başlanmasına gətirib çıxarır". Ə. Əhmədov vurğulayıb ki, müxalifətin taleyini onların həyata keçirdiyi aksiyalara, siyasət demək olarsa, siyasətə, müəyyənləşdirdiyi ideoloji dəyərlərə ölkə vətəndaşlarının münasibəti təyin edir: "Ölkə vətəndaşları müxalifətin radikal qanadına olan münasibətini bu yaxınlarda ölkəmizdə keçirilən seçkilərin nəticəsi ilə aydın şəkildə ortaya qoymuş oldu. Bu münasibət Azərbaycan vətəndaşlarının müxalifətin bu hissəsinə inamının və etimadının olmamasından ibarətdir. Vətəndaşın inamının olmadığı siyasi partiyanın fəaliyyət göstərməsi mümkün deyil. Bu partiyalar yalnız qruplaşmalar şəklində fəaliyyət göstərə bilər. Onlar özlərinin mövcudluğunu sübut etmək üçün ictimai dəstəkdən məhrum olması fonunda yalnız və yalnız radikalçılığa, yalana, böhtana istinad etmək məcburiyyətindədirlər. Nə qədər müxalifət partiyaları yalana radikalçılığa istinad edəcək, o qədər də ictimai dəstəyindən məhrum olacaq. Radikalçılıq sabitliyə, əmin-amanlığa yüksək qiymət verən Azərbaycan cəmiyyətində müsbət qiymətləndirilmir və təbii ki alqışlanmır. Bu yolu seçən partiyalar təbii ki, ictimai dəstəyini itirəcək. Biz bunun şahidi olmuşuq".

Bütün xəbərlər Facebook səhifəmizdə