“İlqar Məmmədov onu yönəldənləri sevib” ÖZƏL-AÇIQLAMA

“İlqar Məmmədov onu yönəldənləri sevib” ÖZƏL-AÇIQLAMA

“Azərbaycanda özünü müxalifətçi hesab edən, radikal çıxışlarla cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən əksəriyyət şəxslərin bu və ya digər formada xarici ölkələrin xüsusi xidmət orqanları ilə bağlılığı artıq heç kəsdə şübhə doğurmur. Onların xaricdən siyasi sifarişlər aldığı və bu sifarişləri yerinə yetirmək üçün maliyyələşdirildikləri də hamıya gün kimi aydındır”. Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda yalnız seçkidən-seçkiyə, yaxud da hansısa beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi ərəfəsində “fəallaşan” bu “5-ci kolon” təmsilçilərinin əsl məqsədlərini gizlətmək üçün uydurduqları yalanlar isə hətta bağçaya gedən uşaqlarda da gülüş doğurur: “Çünki, zaman o zaman deyil. İnsanlarımız 90-cı illərin əvvəlində olduğu kimi müxalifət liderlərinin boğazdan yuxarı sözlərinə inanacaq, onları dəstəkləyəcək durumda deyillər. Azərbaycan inkişaf edib, insanlarımızın dünya görüşü daha da artıb. İndi xalq, hər bir vətəndaş ağı-qaradan seçməyi yaxşı bacarır. Lakin reallıq hissini itirən, öz ayıbına kor olmayan bəzi “müxalifət liderləri” olanlardan nəticə çıxarmır, hərdən varlıqlarını sürdürmək üçün, yaxud da aldıqları sifariş əsasında qeyri-obyektiv, həqiqətlə uzlaşmayan fikirlər söyləyib gündəmə gəlirlər. REAL Partiyasının həbsdən yaxın vaxtlarda azad olunmuş sədri İlqar Məmmədov da belələrindəndir.

Vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasında təmsil olunan, müxalifətçi kimi görünmək istəyən İ.Məmmədov Qərb dairələrindən ciddi maliyyə dəstəyi alan şəxs kimi tanınır. Bir müddət ABŞ-ın Azərbaycandakı səfirliyində işləməsi, təlimatlanması, həmçinin dünyaca məşhur maliyyə fırıldaqçısı Corc Sorosun təşkilatı ilə bağlılığı İ.Məmmədovun böyük məbləğdə qrantlar almasına hər zaman “yaşıl işıq” yandırıb. Bu şəxs 2006-cı ildən etibarən Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin üzvü olub. Belə bir tərcümeyi-hala sahib olan, daim xaricdən aldığı sifarişləri yerinə yetirən İ.Məmmədov keçirdiyi mətbuat konfransında Azərbaycan reallıqları barədə qeyri-obyektiv fikirlər səsləndirib.

Həyatı boyu həyata qara eynək arxasından baxmağa vərdiş edən bu şəxs həbsdən azad olunandan sonra bir qrup jurnalisti başına toplayaraq absurd bəyanatlar verib, təkrar gündəmə gəlməyə çalışıb. Yaşadığı illərdə Azərbaycan naminə hər hansı fəaliyyətə imza atmayan, faydalı işlə məşğul olmayan, ictimai-siyasi fəaliyyət adı altında xarici dairələrin əlaltısına çevrilən İ.Məmmədov öz “köhnə peşəsinə” sadiq qaldığını nümayiş etdirib. Məlumdur ki, xarici dairələrlə əlaqəsi olan bu “müxalifət liderinə” xaricdən ötürülən pullar heç vaxt məqsədsiz olmayıb. Çünki, indiki dönəmdə hər yoldan ötənə minlərlə, yüzminlərlə dollar və ya avronu peşkəş etmirlər. “Pulu verən sifarişini də verir”, - məsəli İ.Məmmədovun nə üçün “bəslənməsini” gün işığına çıxarır. İ.Məmmədov ona verilən tapşırıqları vaxtilə canla-başla yerinə yetirdiyi üçün, hətta vaxtilə cinayət əməlinə yol verərək ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etdiyi üçün indi də ağalarının ona “etimadı” var.

Belə görünür xarici dairələrin agenti, pul müqabilində buyruq qulu olan İ.Məmmədov yenidən dövriyyəyə buraxılır. Lakin İ.Məmmədovun ağaları unudur ki, bu adamda siyasətçi potensialı yoxdur. Gedib 1-2 il xaricdə “təhsil almaq”, daha doğrusu təlimatlanmaq, yaxud da 1-2 xarici dil bilmək siyasətdə uğur qazanmaq üçün kifayət etməz. Ancaq bu reallığı anlamaq istəməyən İ.Məmmədov aldığı sifarişi yerinə yetirməyə, müxalifətin yeni “lideri” kimi özünü cəmiyyətə sırımağa çalışır. Bu yolla ağalarından aldığı pulun həcmini də artırmaq istəyir. Yəni, böyük pullar alıb böyük oyunlar oynamağa həvəs göstərir. Cəmiyyətdə baş verənləri qısaca təhlil etsək görərik ki, REAL sədrinin heç “müxalifət lideri” olmaq potensialı da yoxdur. Çünki, siyasətdə var olmaq, müxalifətçi olub elektorat toplamaq üçün yaşadığın, mübarizə apardığın ölkəni qəlbən sevmək əsas meyardır. İ.Məmmədov isə bütün fəaliyyəti boyu Azərbaycanı deyil, pulunu verənləri, onu yönəldənləri sevib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə