Putin-Paşinyan görüşündən DQ münaqişəsi ilə bağlı gözləntilər AÇIQLAMA-ÖZƏL

Putin-Paşinyan görüşündən DQ münaqişəsi ilə bağlı gözləntilər AÇIQLAMA-ÖZƏL

“Putinlə Paşinyan arasında keçiriləcək görüşdə Putinin Koçaryana zəngi, eyni zamanda Paşinyan tərəfindən “Qarabağ klanı”nı və digər oliqarxların həbs olunması və digər məsələlər müzakirə olunacaq”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşün üçüncü olduğunu xatırladan siyasi şərhçi söyləyib ki, bundan öncə baş tutan iki görüşün biri tanışlıq məqsədi daşımış, digər isə Futbol Çempionatı əsasında baş tutmuşdu.

A.Nağıyev bildirib ki, Putin və Paşinyan arasında aparılacaq müzakirələrdə əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

Siyasi şərhçi vurğulayıb ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli öz kuliminasiya nöqtəsinə çatıb: “Məhz Rusiya problemin həllində açar fiqur olduğu üçün mütləq şəkildə Ermənistana təsir etməlidir. Bütün regiona olan bu təhdidin qarşısı alınmalıdır. Çünki meqa layihələri həyata keçirmək üçün regional təhlükəsizlik birinci şərtdir. Gələcəkdə Rusiya özünü sanksiyalardan qurtarmaq, digər problemləri həll etmək üçün münaqişənin həllində maraqlı olmalıdır”.

A.Nağıyev qeyd edib ki, görüş zamanı Paşinyan etdiyi son addımlara görə cavabını alacaq və bu istiqamətdə təlimatlar veriləcək: “Putin və Pşinyan arasında aparılacaq müzakirələrdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması məsələsinə gəldikdə, bu kollektiv halda olan məsələdir. Bu gün ola bilsin ki, Azərbaycan müşahidəçi qismində iştirak etsin. Lakin mən düşünmürəm ki, Azərbaycan KTMT-nin birbaşa üzvü olacaq. Çünki, iki dövlət arasında müharibə gedir, ərazi bütövlüyünə təhdid məsələsi var. Nə qədər ki Azərbaycanın suverenliyi ilə bağlı işğalçı dövlət tərəfindən təhdid var, bu, mümkün ola bilməz. Ya Dağlıq Qarabağ məsələsi həll olunandan sonra Azərbaycan bu təşkilata daxil ola bilər, ya da daxil oluruqsa, Ermənistan problemi həll etməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə