“Soçi sənədləri ölkələrimizin mənafeyini qorumaqla gələcək inkişaflarına böyük töhfə verəcək” MÜSAHİBƏ

“Soçi sənədləri ölkələrimizin mənafeyini qorumaqla gələcək inkişaflarına böyük töhfə verəcək” MÜSAHİBƏ

Millət vəkili Eldəniz Səlimovun SİA-ya müsahibəsi

- Eldəniz müəllim, Azərbaycan və Rusiya prezidentləri arasında Soçidə keçirilən görüşün iki ölkə arasında əlaqələrin inkişafına hansı təsiri ola bilər?

- Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq və əməkdaşlıq ənənələrinin təməli müasir müstəqil Azərbaycanın banisi olan Ulu Öndər Heydər Əliyev elə təməl üzərində qoyub ki, bu ancaq müsbət istiqamətə inkişaf edir və daha da möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın Prezidenti Putin arasında Soçidə keçirilən işgüzar görüş iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə, möhkəmlənməsinə faydalı tərəfdaşlığın inkişafına və bir birinin mənafelərinə hörmət etməyə xidmət edir. Ölkəmizin stabil, sabit ölkə olması iqtisadiyyatının bütün sahələrdəki inkişafı Rusiyanın ölkəmizə müxtəlif sahələrə sərmayə qoymasına şərait yaradır. Bu görüş nəticəsində imzalanmış sənədlər hər iki ölkənin mənafeyini qorumaqla gələcək inkişaflarına böyük töhfə verəcək. Bu görüşlərin məqsədi iki qonşu ölkə arasında ikitərəfli münasibətlərin və qarşılıqlı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir.

- Görüşdə Dağlıq Qarabağla aparılan müzakirələrdə də Vladimir Putin münaqişənin həllində Rusiyanın maraqlı olduğunu bəyan edib. Bu, nəticə etibarı ilə Rusiyanın nəhayət münaqişənin həllində qətiyyət göstərməsində bir vasitə ola bilərmi?

- Görüş zamanı regionun təhlükəsizlik məsələlərindən, o cümlədən Dağlıq Qarabağ münaqişəsindən danışılıb, müzakirələr aparılıb və Rusiya prezidenti münaqişənin tezliklə həll olunmasında maraqlı tərəf olduğunu qeyd edib. Dəfələrlə, iki ölkə rəhbərinin görüşləri zamanı Dağlı Qarabağ məsələsi ilə bağlı məsələlər müzakirə olunub, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu münaqişənin sülh yolu ilə həlli üçün öz mövqeyini bildirib. Həyata keçirilən işgüzar səfərlərin nəticəsi olaraq belə qənaətə gəlmək olur ki, möhtərəm Prezidentimizin səyi nəticəsində Rusiyanı Azərbaycana münasibəti müsbətə doğru xeyli dəyişib.

- Səfərin yüksək səviyyədə həyata keçirilməsi və Putinlə cənab Prezident İlham Əliyevin əhəmiyyətli görüşü Ermənistanda çox təşviş və narahatçılıqla qarşılanıb. Bunun səbəbini nə ilə izah etmək olar?

- Azərbaycanla Rusiya görüşləri həmişə Ermənistanı təşvişə salır. Son vaxtlar isə bu münasibətlərin artan templə inkişafı onları daha çox narahat edir. Ölkə iqtisadiyyatının sürətli inkişafı Ermənistanı daha çox narahat etməklə siyasi tərəfdaş axtarışına çıxmasına səbəb olub. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsində Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalıb. Bunun nəticəsidir ki, Ermənistanda iqtisadi və siyasi böhran genişlənib. Ölkəmiz 90-cı illərdə Rusiyadan daha çox idxala meylli idisə, bu gün ölkəmiz ixraca daha çox meyllidir. Bütün bunlar Ermənistanı narahat etməyə bilməz. Güclü iqtisadiyyata malik ölkənin qüdrətli ordusu mövcuddur. Bu halda Ermənistan hökumətini və əhalisini təşvişə salır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə