Dağlıq Qarabağ münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək TƏHLİL

Dağlıq Qarabağ münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək TƏHLİL

Rusiya və Azərbaycan prezidentlərinin iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında olan görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyi anonsunu verməsi, Rusiya tərəfinin xahişi ilə görüşün sentyabrın 1-nə keçirilməsi və nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya etdiyi son səfər böyük diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya reallaşdırdığı rəsmi səfər onu göstərir ki, Azərbaycan tərəfi də, Rusiya tərəfi də siyasi, hərbi, iqtisadi və digər sahələrdəki əməkdaşlığa böyük önəm verir.

Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə xüsusi yer verildi və əslində, bu, gözlənilən idi də. Çünki Azərbaycan xarici siyasət kursunun əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. Məhz bu baxımdan, ölkə başçımız reallaşdırdığı səfərlər çərçivəsində, ilk olaraq, Dağlıq Qarabağ məsələsinə xüsusi önəm verir və xüsusilə, Rusiyaya səfəri zamanı da bu məsələnin öz aktuallığını qoruduğu diqqətdən kənarda qala bilməz. Görüş çərçivəsində hər iki ölkə başçısının Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə yer verməsi, xüsusilə, Rusiya dövlət başçısının öz ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlər səsləndirməsi təqdirəlayiqdir və bu da, öz növbəsində, bütün dünya ictimaiyyətinin diqqətindədir.

Rusiya tərəfi, eləcə də, dövlət başçısı Vladimir Putin özü də çox gözəl başa düşür ki, işğalçı ölkə olan Ermənistan bu münaqişənin həllinə dair konkret addımlar atmaq niyyətində deyil və ancaq status-kvonun qorunub saxlanılmasında maraqlıdır. Daha doğrusu, Erməsistan tərəfinin bu münaqişənin həllini yubatmaq, hətta həllini mümükünsüz kimi qələmə vermək niyyəti Rusiya üçün sirr deyil. Üstəlik, işğalçı ölkədə son hadisələrin, ələlxüsus, "məxməri inqlab"ın fonunda ruslar ermənilərin hiyləgərliyinə bir daha əmin oldular və Ermənistan hökumətinin məkrli niyyəti qabarıq şəkildə özünü büruzə verdi. Bəlli oldu ki, Ermənistan tərəfi bu vaxta qədər olduğu kimi, yenə də Rusiyadan istifadə etməyə çalışır, əvəzində isə, həmin ölkədən üz çevirməyə belə hər an hazırdır.

Məhz buna görə də, rusların, eləcə də, dövlət başçısı V.Putinin işğalçı dövlətə olan münasibətini başa düşmək çətin deyil. Hətta Putinin açıqlamasından bunu başa düşə bilərik ki, münaqişənin həllinə dair Rusiya tərəfi səylərini daha da artıracaq və böyük ehtimalla ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyada münaqişənin həllinə dair bir-birinin ardınca, mütəmadi olaraq, görüşlər keçiriləcək.

Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir

Budəfəki səfər çərçivəsində, bir daha təsdiq olundu ki, rəsmi Bakı da hər zamankı kimi, Rusiya ilə olan hərbi-texniki əməkdaşlığa önəm verir. Azərbaycan Prezidentinin iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq sahəsindəki əlaqələrə də toxunması yaxın gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyindən, xüsusilə, yeni texnikaların və silahların alınması bərədə iki ölkə arasında müəyyən razılıqların əldə olunacağından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya dövlət başçısı Vladimir Putini ölkəmizə rəsmi səfərə dəvət etməsi isə, bu səfər çərçivəsində, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığa dair yeni anlaşmalara imza atılacağı ehtimalını daha da artırır.

Azərbaycan və Rusiya arasında əlaqələrin daha da genişlənməsi, təbii ki, ölkəmizin mənafelərinin müdafiyəsinə xidmət edir. Siyasi əlaqələrin, hərbi, iqtisadi əməkdaşlığın, mal dövriyyəsi həcminin genişlənməsi, investisiya yatırımlarının artması ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşması deməkdir. Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir. Bu da, öz növbəsində, maraqların müdafiyə edilməsi anlamına gəlir. Hər bir ölkə əməkdaşlıq etdiyi ölkənin mövqeyini müdafiə etməkdə maraqlıdır və bu baxımdan, Rusiya tərəfinin də Azərbaycanın problemlərinin, ələlxüsus, Daqlıq Qarabağla bağlı məsələlərin həllinə biganə qalmayacağı inkar edilə bilməz.

Rusiyanın mövcud mövqeyi, əslində, ruslardan asılı olan Ermənistan üçün ən böyük zərbədir

Qeyd olunan məsələlərlə bağlı yaranmış vəziyyət Ermənistan tərəfinin ürəyincə deyil və işğalçı dövlətin narahatlığı da başadüşüləndir. Görünür, ermənilər, ələlxüsus, Paşinyan və onun komandası mat vəziyyətində qaldıqlarının fərqindədirlər. Əks halda, bu vaxta qədər ətəklərindən tutduqları ruslara qarşı bu qədər aqressiya nümayiş etdirməzdilər. İndi işğalçıların təlaş içində olduqlarını da başa düşmək çətin deyil və ictimaiyyəti çaşdırmaq üçün min bir hiyləyə əl atmaları da, bu təlaşın məntiqi ardıcıllığıdır. Qərbin maliyyəsi, siyasi oyunları, müxtəlif vasitələrlə dəstəyi hesabına baş nazir kreslosunda özünə yer edən Paşinyan və onun tərəfdarlarının bu dəstəyin qarşılığı olaraq, Rusiyadan üz döndərmək məcburiyyətində qalmaqları, havadarlarına qul olmaq, əmrlərinə itaət etmək kimi çıxış yolu hesab etdikləri bu yol yuxularını ərşə çəkib. Azərbaycan kimi qüdrətli dövlətin qarşısında davam gətirə bilməyəcəklərinin fərqində olan ermənilərin kürkünə birə düşüb.

Nikol Paşinyan dəfələrlə etiraf edir ki, Ermənistanda olan "məxməri inqlab"dan sonra Rusiya ilə Ermənistan arasındakı münasibətlər soyuyub. Hətta gözləntilərinin də puç olduğunu etiraf etmyəkdən çəkinməyən baş nazir, Ermənistan-Rusiya əlaqələrinin dərin böhran vəziyyətində olduğunu da dilə gətirir. Bütün bu münasibətlərin soyuqlaşmasını Ermənistanın yeni hakimiyyəti ilə əlaqələndirən Paşinyan Rusiyanın onların yeni, mövcud hakimiyyətinə inamsızlığı kimi dəyərləndirməyə çalışır. Halbuki baş nazir özü də çox yaxşı bilir ki, Rusiya onların simasına artıq çoxdandır bələddir və erməni hiyləgərliyinin fərqindədir. Eyni zamanda, onun da fərqindədir ki, çökməkdə olan, dağılmaq ərəfəsində olan, səfalət içərisində inildəyən və hər zaman yük olan Ermənistan artıq Rusiyanı zərrə qədər maraqlandırmır. Lakin Azərbaycan kimi inkişaf etməkdə olan, güçlü potensiala malik qüdrətli bir dövlətlə əlaqələrin genişləndirilməsinə marağın böyük olduğunu da erməni baş naziri çox gözəl anlayır və bütün bunların fonunda ölkəsini nə gözlədiyini də ehtimal edə bilir. Ən azından, fərqindədir ki, inkişaf etməkdə olan Azərbaycana maraq var və havadarları hesab etdikləri Rusiyanın belə ölkəmizin maraqlarını müdafiyə edəcəyinə şübhə ola bilməz.

Hadisələrin gedişi, onu deməyə əsas verir ki, Azərbaycan özünün istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə uğurlu strategiyası ilə, artıq diqqət mərkəzindədir və bütün nailiyyətlər də, öz növbəsində, qələbə müjdəsi anlamına gəlir. Artıq qələbənin yaxında olduğu, işğal altında olan torpaqlarımızın ən yaxın zamanda geri qaytarılmasına ümidləri artırır və düşmənin yuxusunu ərşə çəkir. Əslində, ölkə başçımızın Rusiya səfəri və bu səfər çərçivəsində imzalanlanmış sazişlər, ümumiyyətlə, rəsmi Moskvanın Azərbaycana olan marağı özü düşmən üzərində, işğalçı Ermənistan üzərində böyük qələbə hesab olunur. Bu qələbəni şərtləndirən Azərbaycan dövlətinin, ölkə başçısı Cənab İlham Əliyevin doğru-düzgün siyasəti, uğurlu strategiyasıdır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət, bu strategiya bugünkü və gələcək qələbələrə zəmin yaradır. Dəfələrlə təsdiq edilib və indi də sübut olunur ki, Azərbaycan hökuməti öz problemlərini, ələlxüsus, Dağlıq Qarabağ məsələsini həll etmək, müstəqilliyini, torpaqlarını və ərazi bütövlüyünü qorumaq əzmindədir.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə