BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. SİA-ya partiyadan verilən məlumata görə, iclasda qərarların icrası, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ ATƏT üzvü olan dövlət və hökumət başçılarının ötən həftə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən zirvə görüşünün yekun nəticələrilə bağlı olub. ATƏT-in Astana sammitinin tamamilə iflasa uğradığını önə çəkən BAXCP İdarə Heyətinin qənaətinə görə, bu hadisədən sonra Azərbaycan hökumətinin, dövlətinin və xalqının beynəlxalq birlikdən ədalətli mövqe gözləməsi tamamilə absurddur: "BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - ABŞ, Rusiya və Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlik etmələrə baxmayaraq, məhz onların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə öz maraqları çərçivəsində yanaşmaları problemin həllində beynəlxalq hüquq normalarına söykənən irəliləyişlərin əldə olunmasına ciddi maneə yaradıb. ATƏT-in Astana sammiti sübuta yetirdi ki, dünyanın aparıcı dövlətlərinin söz sahibi olduğu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər işğal altında olan Azərbaycan torpaqları ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar. Bu baxımdan, adıçəkilən dövlətlərin siyasətində hər hansı bir dəyişikliyin baş verməsi gözlənilən deyil".

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan hökuməti və xalqı Dağlıq Qarabağın və işğal altında olan digər ərazilərimizin azad edilməsi barədə ciddi şəkildə düşünməlidir: "BAXCP Azərbaycan hökumətini azad bazar iqtisadiyyatının təməl prinsiplərinə söykənən güclü iqtisadiyyat, peşəkar ordu fomalaşdırmağa, çoxpartiyalı sistemin gücləndirilməsi, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırır".

BAXCP eyni zamanda Azərbaycan hökumətini Rusiya, Belorus və Qazaxıstanın iştirakı ilə yaradılmış Gömrük İttifaqına daxil olmağın perspektivi barədə düşünməyə, eləcə də ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı prosesi sürətləndirməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə