Debresen Universitetində Qarabağla bağlı təqdimat və kitab sərgisi keçirilib

Debresen Universitetində Qarabağla bağlı təqdimat və kitab sərgisi keçirilib

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Münaqişə zonalarında humanitar fəlakət və tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin baxışında” adlı layihə çərçivəsində 23-27 avqust 2018-ci il tarixlərində Macarıstanın Debresen universitetində gənc alimlər, doktorantlar, magistrlər üçün təqdimat və kitab sərgisi təşkil edib. Təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtalaşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilib, gənc tədqiqatçılar üçün Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab sərgisi təşkil edilib.

Avropa Gənc Alimlər Şurasının və Macarıstan Gənc Alimlər Assosiasiyasının təşkilati dəstəyi ilə təşkil olunmuş elmi təqdimat və kitab sərgisində 200 nəfər gənc alim, doktorant və magistrlər iştirak edib.

Macarıstanın Pannonia Universitetinin müəllimi, EURODOC-un İdarə Heyətinin üzvü Peter Szabo tədbirdə çıxış edib, həm EURODOC-la, həm də təmsil etdiyi Macarıstanın DOSZ təşkilatı ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti arasında əməkdaşlıqdan danışıb və bu cür maarifləndirici tədbirlərin gələcəkdə də həyata keçirilməsinin önəmini qeyd etdib.

Tədbirdə eyni zamanda Debresen Universitetinin rektoru Zoltan Szilvassy və Universitetin digər rəsmi nümayəndələri də iştirak ediblər.

Tədbirdə layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədi barədə danışıb. Bildirib ki, artıq uzun illərdir ki Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.

Layihənin eksperti, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri qalıb. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir.

Tədbirin yekununda iştirakçılara Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunub. Avropali gənc alim və tədqiqatçılara müraciət olunub ki, münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dağıdılmasına biganə qalmasınlar və buna qarşı mübarizə aparsınlar.

Universitetdə təşkil olunmuş kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunub. Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunmuş, eyni zamanda iştirakçılar arasında paylanıb.

Kitab sərgisində əsasən AMEA Tarix İnstitutunun ingilis dilində olan nəşrləri və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi nəşrləri sərgilənib. Kitablar avropalı gənc alimlərin böyük marağına səbəb olmuşdur.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə