Naxçıvandan başlanan qurtuluş tarixi

Naxçıvandan başlanan qurtuluş tarixi

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi.

Azərbaycan xalqının və dövlətinin xilas missiyasının tarixm günü

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına 3 sentyabr 1991-ci ildə Naxçıvandan başladı. Ulu Öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi və apardığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Eyni zamanda, Ümummilli Liderin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilərin keçirilməsi kampaniyası ilə bir vaxta düşdü. Babək rayonunun əməkçiləri ilə görüşdə Heydər Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürüldü və Ulu Öndər həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi.

Elə həmin il noyabrın 17-də Naxçıvan Ali Məclisinin I sessiyası keçirildi. Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırılması qərara alındı. Həmçinin, onu da vurğulamaq lazımdır ki, həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da, sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Eyni zamanda, həmin həmin günü Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi yekdilliklə qəbul edildi və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət bayrağı Ali Məclisə gətirildi.

Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Ulü Öndər Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verildi.

1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-in ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.

Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafında yeni tarixi mərhələnin əsasını qoydu

Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il 21 noyabr tarixi oldu. Belə ki, üstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə Ulu Öndər Heydər Əliyev kimi Lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Bu o günlər idi ki, Azərbaycan siyasi burulğanlar məngənəsindən çıxa bilmirdi, antimilli qüvvələrin ölkəmizə qarşı çirkin siyasi mübarizə aparırıdılar. Belə bir vaxtda, xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu Böyük Şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. Ona görə də vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi möhtərəm Heydər Əliyevə üz tutdu. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi.

Ümummilli Lider Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirərək deyirdi: "Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır".

Dahi siyasətçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin istər Ali Məclisin Sədri, istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıbdır. Bu, Azərbaycanın xilası və inkişafı epoxasıdır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə