Politoloq: "Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığının böyük ənənələri var" MÖVQE-ÖZƏL

Politoloq: "Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığının böyük ənənələri var" MÖVQE-ÖZƏL

Azərbaycan-Rusiya münasibətləri hər zaman kifayət qədər yüksək səviyyədə olub. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfər etməsi, bir sıra sənədlərin imzalanması, razılıq əldə olunması ölkələr arasında yeni mərhələ açır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Səfər çərçivəsində imzalanan sənədlərin ölkələr arasında iqtisadi, sosial, humanitar, təhsil sahəsində əlaqələrin daha da inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyən politoloq söyləyib ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın da böyük ənənələri var: “Heç kimə sirr deyil ki, biz Rusiyadan ən müasir hərbi texnikalar alırıq. Bundan sonra da biz buna xüsusi önəm verəcəyik”.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərinə toxunan F.Sadıqov qeyd edib ki, səfər çərçivəsində əsas müzakirə olunan məsələlərdən biri də münaqişənin həlli ilə bağlı idi: “Azərbaycan Prezidenti səfər çərçivəsində keçirilən mətbuat konfransında da vurğuladı ki, problemin həlli bir başa olaraq Rusiyanın səylərindən asılıdır. Çünki, Rusiya həm qonşu, həm də ATƏT-in Minsk qrupunun həmsədridir”.

Politoloqun sözlərinə görə, münaqişənin həlli dərhal həll olunmasa da, burada Rusiyanın daha yumşaq yanaşması, Azərbaycanın maraqlarını nəzərə alan nümayiş sərgiləməsi problemin həllində müsbət amil kimi qeyd oluna bilər: “Bunu həm Rusiyan Prezidenti, həm də dövlət başçımızın bəyanatlarından hiss etmək mümkündür. Təbii ki, burada hələ işlər aparılmalı, addımlar atılmalı, diplomatiyamız hücumedici mövqedə dayanmalıdır. Səfər çərçivəsində problemin həlli ilə əlaqədar bir sıra mühüm məqamların müzakirə olunması münaqişənin həllində ciddi addımların atılmasına səbəb ola bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə