Azər Badamov: “Sülhün imzalanması konkret olaraq Rusiyanın istəyi ilə Ermənistan rəhbərliyindən asılıdır” MÜSAHİBƏ

Azər Badamov: “Sülhün imzalanması konkret olaraq Rusiyanın istəyi ilə Ermənistan rəhbərliyindən asılıdır” MÜSAHİBƏ

“Azərbaycanla sülh yaratmadan Ermənistanda heç bir hakimiyyət uzun ömürlü ola bilməz”

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi

- Azər müəllim, uzun müddətdir ki, Qarabağın erməni icması ilə azərbaycanlı icması arasında görüş keçirilmir. Sizcə, nəhayət regiondakı abu-hava, sülhə doğru təşəbbüslər Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə təkan ola biləcəkmi?

- Mən düşünmürəm ki, Qarabağın erməni icması ilə azərbaycanlı icması arasında görüşlər keçirilməklə sülh əldə olunsun. İcmalar arasındakı görüşlər sadəcə insanların baxışlarındakı düşmənçilik meyllərinə müəyyən qədər təsir edə bilər. Amma sülhün imzalanması konkret olaraq Rusiyanın istəyi ilə Ermənistan rəhbərliyindən asılıdır. Ermənistan rəhbərliyi erməni ictimaiyyətini sülhə hazırlamalıdır. Təbii ki, Qarabağ məsələsi dəfələrlə Ermənistanda dövlət çevrilişləri üçün bir silah olmuşdur. Təkrarən bunun baş verməməsi üçün erməni dövləti Azərbaycan torpaqlarını işğaldan azad etməklə əldə edəcəkləri faydalardan ardıcıl danışmalı, təbliğ etməli və erməni ictimaiyyətini buna hazırlamalıdır. Azərbaycan isə ölkəmizin ərazi bütövlüyünü təmin edilmək şərtilə hər zaman sülh danışıqlara hazırdır.

- Köçəryanı siyasətə qayıtdığını bəyan etməsi Paşinyanı sıradan çıxarılması ilə nəticələnə biləcəkmi?

- Ermənistanda hər bir hadisə baş verə bilər. Köçəryanın siyasətə qayıtması isə heç də onun hakimiyyətə qayıdacağı deyil. Ola bilsin ki, Köçəryanın adamı yenidən hakimiyyəti ələ alsın. Amma bu tezliklə baş verməyəcəkdir. Hələ ki Paşinyan küçə adamı olaraq küçə diliylə insanları dalınca apara bilir. Bu o demək deyil ki, Paşinyan uzun müddət hakimiyyəti əldə saxlaya biləcək. Çünki, hakimiyyəti əldə saxlamaq üçün gələcəyə hesablanmış siyasi kursu olmalıdır. O kursu həyata keçirmək üçün iqtisadi baza yaradılmalıdır. Təbii ki, Paşinyanın nə siyasi kursu, nə də ki, iqtisadi bazası var. Belə olmadığı halda insanları dalınca apardığı zaman verilmiş vədlər icra olunmur. Bu da yenidən Paşinyandan narazı kütləni çoxaldır. Bunun baş verməməsi üçün ilk növbədə təcilli olaraq Azərbaycanla sülh sazişi bağlamağa hazır olduğunu bəyan etməli, ölkəni blokada vəziyyətindən çıxardılmasına çalışmalıdır.

- Sarkisyan açıq şəkildə Köçəryanı müdafiə edir. Sizcə, bu planlaşdırılan parlament seçkilərinə qədər Ermənistanda növbəti dövlət çevrilişinin baş verməsinə gətirib çıxara bilər?

- Sarkisyanla Köçəryanın əməkdaşlığı parlament seçkisinə qədər növbəti çevrilişə aparacağını düşünmürəm. Çünki, erməni ictimaiyyətində Sarkisyana və Köçəryana qarşı böyük nifrət var. Ona görə də Köçəryanın dövlət çevrilişinə imkanları o qədər böyük olduğunu düşünmürəm. Sarkisyan Köçəryan cütlüyü sadəcə parlament seçkisinə qədər Ermənistanın siyasi atmosferini dəyişə bilər ki, bu da yeni bir liderin yaranmasına şərait yaradar. Ermənistanda yeni bir siyasi lider ortaya çıxarsa Paşinyan hakimiyyətinə təhlükə ola bilər. Paşinyan çalışmalıdır ki, seçkilərdə parlamentdə çoxluq qazansın və seçkidən sonra ilk addımları Azərbaycanla sülh danışıqları aparmaqdan başlamalıdır. Çünki, Azərbaycanla sülh yaratmadan Ermənistanda heç bir hakimiyyət uzun ömürlü ola bilməz.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə