Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yenidən DAK-ın həmsədrləri seçilib
Almaniyanın Bonn şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) 11-ci qurultayı başa çatıb. SİA-nın verdiyi məlumata görə, qurultayda dünya azərbaycanlılarının təşkilatlanması, İranda yaşayan azərbaycanlıların haqqlarının müdafiə olunması və Dağlıq Qarabağ problemi müzakirə olunub.
İki ildən bir keçirilən və azərbaycanlıların ən böyük qeyri-hökumət təşkilatı olaraq göstərilən DAK-ın iki günlük qurultayına Azərbaycan və digər ölkələrdən iki yüzə yaxın adam qatılıb. DAK-ın dövlətə bağlı olmayan bir QHT olduğunu deyən Konqresin həmsədri Sabir Rüstəmxanlı qurultaydakı məqsədləri ilə bağlı bunları söyləyib: "İllərdir ki, İran sərhədləri daxilində yaşayan soydaşlarımızın haqqlarının və Qarabağ probleminin həllinə çalışırıq. Amma hər şeydən əvvəl bu problemlərə qarşı ölkə xaricində yaşayan 5 milyona yaxın Azərbaycan türkünün bir dam altında təşkilatlanması üçün işlər görürük. Təşkilatlanma ilə bağlı Türkiyə türkləri qədər təcrübəmiz yoxdur. Mən həmsədr olmamışdan əvvəl türk dərnəkləri ilə əməkdaşlıq etmişəm. Həmsədr olduqdan sonra da bu işi davam etdirməyə diqqət yetirirəm. Türklərin problemləri var, birlikdə bu problemlərin öhdəsindən gələ bilərik. Ölkə xaricindəki uşaqlarımızın təhsil, eləcə də hüquqları ilə bağlı problemləri təşkilatlanaraq aradan qaldıra bilərik".
İki gün davam edən qurultayda dünyanın 20 müxtəlif ölkəsindən gələn 149 nümayəndənin seçdiyi 17 nəfərlik İdarə Heyətinin seçkisindən sonra DAK-ın İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının yeni tərkibinin ilk iclası keçirilib. İdarə Heyətinin təxminən 4 saatlıq iclasında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri, Əjdər Tağızadə Daimi Şuranın sədri, Nəzarət Təftiş Komissiyasının iclasında isə Samir Əsədli bu qurumun sədri seçilib. Qurultayda Güney Azərbaycanda azərbaycanlıların hüquqlarının müdafiə olunması ilə bağlı dünya ictimaiyyətinə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB