Politoloq: "Avropa İttifaqının heç bir strukturu erməni separatçılığına dəstək vermir" MÜNASİBƏT-ÖZƏL

Politoloq: "Avropa İttifaqının heç bir strukturu erməni separatçılığına dəstək vermir" MÜNASİBƏT-ÖZƏL

“Biz qəti şəkildə deyə bilərik ki, Avropa Parlamentinin və ümumiyyətlə Avropa İttifaqının heç bir strukturu Dağlıq Qarabağda erməni separatçılığına dəstək vermir, Dağlıq Qarabağ tərəf kimi tanımır və bu fikirdə də deyil”. Bu fikirləri SİA-ya politoloq Mübariz Əhmədoğlu Avropa Parlamentinin nümayəndələrinin separatçı rejimlə görüşünə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il noyabrın 24-də Avropa İttifaqının Brüssel sammitində erməni separatçıları ilə əlaqədar Avropa strukturlarında olan bütün məsələlərə nöqtəsini qoydu: “Avropa Parlamentinin Brüssel sammitində Azərbaycan Moldova, Gürcüstan ərazisində olan münaqişələrin həllinə eyni yanaşma ilə əlaqədar qərar qəbul edildi və ərazi bütövlüyü, dövlət suverenliyi rəsmi sənəddə öz əksini tapdı. İndi ondan sonra Avropa İttifaqı Azərbaycanla birgə hazırladığı sənədlərdə də bu amili nəzərə alır”.

Avropa İttifaqı Ermənistan qrupunun bu yaxınlarda sənəd imzaladığını deyən M.Əhmədoğlu söyləyib ki, o sənəddə açıq şəkildə göstərildi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi 2009-cu il sənədi əsasında həyata keçirilməlidir: “Yəni münaqişə 2009-cu ilin iyulun 10-da İtaliyada həmsədr ölkə prezidentləri yəni -Medvedev, Obama və Sarkozi tərəfindən imzalanan Madrid prinsipləri əsasında tənzimlənməlidir. Bu Avropa İttifaqı-Ermənistan sənədində rəsmi şəkildə qeyd olunub. 2009-cu ildə imzalanan sənədin ilk maddəsində ətraf rayonların Azərbaycana qaytarılması nəzərdə tutulur. İrəvan rəsmiləri bu sənədə imza atmaqla yanaşı, eyni zamanda orada Dağlıq Qarabağla bağlı göstərilən məsələnin Ermənistanın xeyrinə olduğunu da bəyan etdilər”.

Politoloq qeyd edib ki, belə rəsmi sənədlər ortalıqda ola-ola Avropa Parlamentindən separatçılarla görüşə gələn şəxslərin məqsədi yalnız şəxsi xarakter ola bilər. Ola bilsin onların ya maliyyə problemləri var, ya da millətçidirlər. Əks halda həmin şəxslərin Dağlıq Qarabağ gəlib orada bəyanat verməsi Avropanın heç bir strukturuna aid edilə bilməz. Bu gün Avropanın ciddi mətbuatı da separatçılara yer ayırmır. Avropanın hansısa ikinci, üçüncü sırada dayanan mətbu orqanı qondarma Dağlıq Qarabağ Respublikasının adını çəkə bilər. Bundan artığa gücləri çata bilməz”.

Dağlıq Qarabağa qanunsuz səfər edənlərə qarşı cəza tətbiqinə gəlincə politoloq söyləyib ki, Avropa İttifaqının rəsmisi dəfələrlə bildirib ki, Avropa Parlamentinin hər hansı bir üzvünün parlamentin adından Dağlıq Qarabağa səfər etmək ixtiyarına malik deyil: “Belə səfərlər yalnız şəxsi ola bilər. Biz onları beynəlxalq məhkəməyə verə bilməsək də, onlar haqqında mənfi rəy yarada, məzəmmət edə bilərik. Mənə elə gəlir ki, bu səfər Angela Merkelin Cənubi Qafqaza səfərindən öncə planlaşdırılmışdı. Xanım Merkelin öz partiyasından olan alman bundestaqının üzvünü Albert Valyeri Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə, başına gətirdiklərindən yəqin ki, xəbərdarsınız. Alman Kansleri Alberti həm nümayəndə heyətindən, həm də Almaniya Cənubi Qafqaz deputat qrupunun tərkibindən çıxardı. Bu onun üçün çox ağır cəza idi. Düşünürəm ki, Merkelin bu cür cəza nümunəsi Avropa Parlamentinin digər üzvləri, rəsmiləri üçün nümunə olacaq və digər Avropa rəsmiləri də bundan nəticə çıxaracaqlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə