“Koçaryanla Sarkisyan arasında bağlar yaradan əsas fiqur Qukasyandır” "HRAPARAK"
Ermənistanda dərc edilən “Hraparak” qəzetinin yazdığına görə, bir nəfər hərbçi bu yaxınlarda ölkənin ikinci prezidenti Robert Koçaryanın qəbul otağının qarşısında 4 saatlıq növbənin toplaşdığının şahidi olduğunu deyib. SİA adıçəkilən media qurumuna istinadən xəbər verir ki, növbədə keçmiş rəhbər vəzifələrdə çalışmışlarla yanaşı, KİV rəhbərləri, hətta ziyalılar da olub.
“Bizə daxil olan məlumatlara görə, son illərdə Serj Sarkisyanla Robert Koçaryan arasındakı gərginlik tədricən aradan qalxmaqdadır və keçmiş dostların ümumi maraqları onları bir-birinə yaxınlaşdırıb” yazan erməni nəşrinə görə, hər iki şəxs arasında bağlar yaradan əsas fiqur Arkadi Qukasyandır.
Xatırladaq ki, həm Robert Koçaryan, həm də Serj Sarkisyan məgz Qarabağ klanının aparıcı üzvləri olaraq, Ermənistanın idarəçiliyini əllərində saxlayıblar. 1997-2007-ci illərdə separatçı “DQR”ə rəhbərlik etmiş Arkadi Qukasyan da bu klanın üzvü olaraq, hər iki sabiq prezidenti bir araya gətirməyə çalışır. Belə ki, “məxməri inqilab” yolu ilə hakimiyyəti ələ keçirən Nikol Paşinyan hökuməti ilə separatçı “DQR” rəhbərliyi arasında münasibətlər kifayət qədər soyuyub. Erməni KİV-ləri isə iddia edirlər ki, Qarabağ klanı məhz bu amildən özləri üçün rıçaq olaraq istifadə edib, yenidən hakimiyyəti ələ keçirməyi planlaşdırırlar.
Onu da qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək və həmin seçkilər ərəfəsində ölkədəki gərginliyin yenidən artacağı proqnozlaşdırılır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB