Məqsəd, növbədənkənar parlament seçkilərində Paşinyan hökumətini devirməkdir
Erməni qəzeti “Past” avqustun 17-də baş nazir Nikol Paşinyanın bu postu ələ keçirməsinin 100-cü gününə həsr etdiyi kütləvi mitinqlə bağlı araşdırmalara başlayıb və burada əsas məqsəd, aksiyanın kimlər tərəfindən maliyyələşdirilməsidir. SİA xəbər verir ki, adıçəkilən qəzet istər Paşinyanın, istərsə də onun hökumətində təmsil olunan şəxslərin mətbuatda sözügedən məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirdiklərini xatırladıb və həmin fikirlərin əksəriyyətinin üst-üstə düşmədiyini yazıb.
“Past” qəzeti: “Məgər sualın ünvanının hökumət deyil, siyasi partiya olması ilə bağlı cavabın verilməsinə beş gün vaxt lazımdır?”
“Bütün bunlarla yanaşı, xərclərin müxtəlif və fərqli rəqəmlərlə göstərildiyi bəlli olub”, yazan “Past” qəzeti hətta buna görə dəqiq məlumatlar almaq üçün hökumətə müraciət etdiyini də qeyd edib: ““Past” qəzeti avqustun 22-də mitinqin keçirilməsi ilə bağlı nə qədər xərcin çəkildiyini və maliyyə buraxan mənbələrin kimlər olduğunu öyrənmək üçün hökumətə rəsmi qaydada məktub göndərib. Ötən 5 iş günü ərzində biz hökumət aparatının informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən cavab aldıq. Onlar sualımızı “Vətəndaş sazişi” partiyasına (Paşinyanın parlamentdəki “Yelk” fraksiyası və siyasi hərəkatı partiyaya çevrilib – R.R.) verməyi tövsiyə etdilər”.
Beləliklə, bu faktın özü də sübut edir ki, artıq erməni ictimaiyyətində küçədə formalaşmış hökumətə - baş nazir Nikol Paşinyana etimadsızlıq və inamsızlıq hissləri yaranmağa başlayıb. Xüsusilə, ölkənin aparıcı media orqanlarından olan “Past” qəzetinin bu məsələ ətrafında araşdırmalara başlaması da məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmış olur. Məsələn, qəzet eyni zamanda yazır ki, ünvanlanan suala rəsmi dövlət orqanından beş gün ərzində cavab verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilsə də, belə bir sual qoyulur: “Məgər sualın ünvanının hökumət deyil, siyasi partiya olması ilə bağlı cavabın verilməsinə beş gün vaxt lazımdır?”
Şübhələr və etimadsızlıq
Lakin adıçəkilən qəzet digər ilginc sualla çıxış edir: “...Başqa tərəfdən, “Vətəndaş sazişi” partiyasının bu məsələyə hansı aidiyyatı ola bilər? Çünki söhbət hakimiyyətə gəlmiş siyasi partiyadan deyil, faktiki olaraq, hakimiyyət rəhbərinin – baş nazir və 5 partiya nümayəndəsinin daxil olduğu mövcud hökumətin 100 günlük fəaliyyətindən gedir.”
Beləliklə, fakt budur ki, Nikol Paşinyan və onun siyasi ətrafı avqustun 17-də keçirdikləri mitinqlə bağlı verilən suallara yekdil cavab verə bilmirlər. Bu isə artıq həmin məsələdə qaranlıq məqamların olduğunu sübut edir. Hər halda, son vaxtlar Ermənistanın tanınmış ictimai-siyasi adamları, politoloqlar, ekspertlər, siyasi araşdırmaçılar, o cümlədən medialar haqlı olaraq, şübhələnməyə başlayıblar. Xalqın ümidlərinin qırılması isə bu reallığı isbatlamaqdadır.
“Hraparak”: Arsen Xaratyan Rusiyanın Paşinyana təsiri nəticəsində istefa verib”
Yeri gəlmişkən, onu da xatırlatmaq mümkündür ki, artıq Paşinyan hökumətindən istefalara da başlanılıb. Misal üçün, bununla bağlı yazan digər erməni qəzeti – “Hraparak”a görə, baş nazirin müşaviri Arsen Xaratyanın vəzifəindən istefasında Rusiya izlərinin olduğu göstərilir. “Belə bir məlumatlar var ki, o, məhz Rusiya hakimiyyətinin tələbləri əsasında gedib”, yazan “Hraparak” həmçinin qeyd edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturovun həbs olunması tələbini də Nikol Paşinyana Arsen Xaratyan məsləhət görüb: “Məhz o Nikol Paşinyana Yuri Xaçaturovun KTMT-yə üzv olan ölkələrə əvvəlcədən məlumat vermədən həbs olunmasını məsləhət görüb və inandırıb ki, problem yaranmayacaq və həmin posta yeni namizədin irəli sürülməsi mümkünlüyü əldə ediləcək”.
Lakin göründüyü kimi, belə olmadı və Yuri Xaçaturovun həbsi məsələsi reallaşsa da, onun dərhal azadlığa buraxılması bilavasitə Rusiya tərəfindən qəti tələb kimi qoyuldu.
“Arsen Xaratyanı Moskvada Amerikanın casusu hesab edirlər və...”
Erməni qəzeti şəxsi mənbəsinə istinadən Arsen Xaratyanın Rusiyaya qarşı köklənən insan olduğunu yazıb və rəsmi Kremlin bu şəxsə qarşı kəskin antipatiya münasibətinin olduğunu qeyd edib: “Bütün bunlardan əlavə, Arsen Xaratyanı Moskvada Amerikanın casusu hesab edirlər və istəmirlər ki, qardaş Ermənistanda baş nazirin əsas məsləhətçisi bu kimi fərd olsun. Əlbəttə, onunla bağlı digər mövzular da var və faktiki olaraq, ötən 27 ildə belə bir hal yalanmayıb ki, Moskvadan zəng edilsin və hər hansı konkret insanın işdən çıxarılması tələb edilsin”.
Xatırladaq ki, Arsen Xaratyan istefasının səbəblərini Facebook sosial şəbəkəsində yazarkən, bunu ailəsini az görməsi ilə əlaqələndirib. Belə ki, onun ailəsi Tbilisidə yaşayır.
Lakin bütün bunlara rəğmən, ortaya çıxarılan bu və ya digər nüanslar nəticə olaraq, Paşinyan hökumətinin etimadları doğrultmadığını təsdiq edir. Xüsusilə, medianın həmin məsələlərdə demək olar ki, gündə faktlar üzə çıxarması və erməni ictimaiyyətini məlumatlandırması artıq Ermənistanda gözlənilən növbədənkənar parlament seçkilərinin qarşıdurmalarla müşahidə ediləcəyini proqnozlaşdırır. Xüsusilə, köhnə sistemin yeni siyasi güc şəklində ortaya çıxıb, Paşinyan hökumətini devirmək planlarını da nəzərə alarsaq, belə qənaətə gəlmək olar ki, müəyyən media qurumları da onlara bu kimi dəstək göstərməyə başlayıb. Misal üçün, “Past” və “Hraparak” kimi...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB