14 aylıq fasilədən sonra bu gün "5+1" qrupu ilə yenidən nüvə müzakirələrinə başlayacaq İran uranın zənginləşdirilməsində çətin bir mərhələ olan ilk yerli "sarı tort"u istehsal etdiyini açıqlayıb. SİA-nın "farsnews" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsfahan nüvə reaktoruna "sarı tort"un verilməsinə başlanılıb. Məlumatda bildirilir ki, sözügedən maddə Bender Abbas fabrikində istehsal olunur.
Bender Abbas fabrikində ilk dəfə istehsal olunan "sarı tort" üçün "UF6" texnologiyasından istifadə edilir. Məlumata görə, İran maddəni tamamilə yerli imkanlar və texnologiya hesabına əldə edib.
Qərb kəşfiyyatının ekspertləri İranın nüvə texnologiyasındakı yenilikləri nüvə müzakirələrində təzyiq kimi istifadə etmək üçün "şişirtdiyini" düşünsələr də, bu ölkənin nüvə proqramına rəhbərlik edən Əli Əkbər Salehi verdiyi açıqlamasında ""sarı tort"u istehsal edərək nüvə yanacağı məsələsində tamamilə öz-özümüzü təmin edəcək vəziyyətə gəldik" deyib. "Sarı tort" uran mədənlərindən çıxarılan uran cövhərinin saflaşdırılması üçün istifadə olunan bərk haldakı məhsuldur. Uran mədənlərinə sahib olan İran beləliklə də xarici dəstək almadan nüvə reaktorları üçün nüvə yanacağı istehsal edə biləcək səviyyəyə çatıb.
Qeyd edək ki, "5+1" qrupuna Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Rusiya, Fransa, Çin və İngiltərə, həmçinin Almaniya daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB