Radikallıq və dağıdıcılıq prinsipindən çıxış edən müxalifətin sonu çatıb
Artıq yay fəsli başa çatmaq üzrədir və əslində bütün fəsillərdə uğursuzluq sindromunu yaşayan, hətta özlərinə yaşadan ənənəvi müxalifətin radikal qanadı yenidən üzə çıxaraq, “fəallıq” göstərməyə cəhd edəcəklər. Əslində, bu cəhdlərin heç bir nəticəyə hasil olmayacağını bəri başdan da deyə bilərik. Bir tərəfdən, partiyalar daxilində bitib-tükənməyən intriqalar, “liderlərin” mənəm-mənəmlik sevdaları və həmin sevdalardan doğan avtoritar idarəçilik üsulları, digər tərəfdən partiyalararası qarşıdurmalar, sədrlərin bir-birlərinə qarşı antipatiya hisslərinin aşırı həddə qədər mövcudluğu sözügedən reallığı tam çılpaqlığı ilə sərgiləməkdədir. Əbəs deyil ki, uzun illər müxtəlif müxalifət partiyalarında təmsil olunan köhnə müxalifətçilər, funksionerlər istefaya gedir və sonda öz gedişlərini bu kimi faktlarla əsaslandırırlar.
Əslində, Azərbaycan hakimiyyətinin əldə etdiyi uğurların reallığıdır ki, xaricdə fəaliyyət göstərən erməni lobbiləri və onların buyruq qulları həmin reallıqdan qorxurlar
Lakin dağıdıcıların uğursuzluq sindromlarının özəyini təşkil edən daha bir amil kimi, partiyaların iqtidarın apardığı siyasətinin mahiyyətini anlamaq gücündə olmaması ilə əlaqələndirə bilərik. Ümumiyyətlə, hakimiyyətin apardığı uğurlu daxili və xarici siyasətin məntiqi nəticələri ortada ola-ola, xalqın böyük kəsiminin məhz iqtidara dəstək verməsi faktorunun mövcudluğu dəfələrlə sübut olunduğu halda, müxalifətin inkarçılıq mövqeyindən çıxış etməsi “liderlərin” əsas zəifliklərinin bariz göstəricisi olaraq da qiymətləndirilə bilər. Sadəcə, faktlara diqqət yetirək və həmin faktlardan nəticə çıxaraq. Misal üçün, idman, mədəniyyət, iqtisadiyyat və sair sahələrdə Azərbaycan iqtidarının keçirdiyi bütün mühüm tədbirlər dərhal sosial şəbəkədə oturub “müxalifətçilik” edənlər tərəfindən hədəfə alınır, müxtəlif xarici təşiklatların verdikləri sifariş xarakterli təlimatlar icra olunur. Əslində, Azərbaycan hakimiyyətinin əldə etdiyi uğurların reallığıdır ki, xaricdə fəaliyyət göstərən erməni lobbiləri və onların buyruq qulları həmin reallıqdan qorxurlar, çəkinirlər. Bu səbəbdən də “beşinci kolon” amili ortaya çıxır. Daha dəqiq desək, xarici anti-Azərbaycan dairələr hakimiyyətin siyasi gücünü bilir və dərk edirlər, ona görə də bəlli məsələlər ətrafında var-gəl edərək, ölkəmizin siyasi-ictimai həyatında müdaxilələr etməyə cəhdlər göstərirlər. Biz, bunu istər seçkilərdə, istər referendumlarda, istərsə də digər mühüm hadisələr ərəfəsində dəfələrlə müşahidə etmişik. Ancaq söz yox ki, dağıdıcı və radikal təfəkkürlü müxalifətin hakimiyyətdə yalnız minus axtarması, onların özlərinə kifayət qədər zərbələr vurur.
Dağıdıcı müxalifətin bugünkü reallığı bütövlükdə cəmiyyətimizə, dövlətçilik maraqlarımıza, xəyanət səviyyəsindədir
Daha bir həqiqət isə, yuxarıda qeyd edilən gerçəkliklə əlqələndirilə bilər. Bu gün kimsəyə sirr deyil ki, müxalifətin öz arasında birlik heç vaxt olmayıb. Məsələn, AXCP-“Milli Şura” cütlüyü mitinq edir, Müsavat və s. partiyalar onlara gülür, istehza edir, elektorat toplaya bilmədiklərini deyirlər.
Eləcə də müsavatçılar və s. radikal müxalifət partiyaları eyni addımı atanda, cəbhəçilər eyni mövqedən çıxış edərək, özlərini onlardan üstün hesab edirlər.
Ümumiyyətlə, dağıdıcı müxalifətin bugünkü reallığı bütövlükdə cəmiyyətimizə, dövlətçilik maraqlarımıza, xəyanət səviyyəsindədir. Çünki bu, daha ağır fəsadları üzə çıxarmış olur.
Onlar dünyəvilikdən imtina edib, radikal dini kəsimə qahmar çıxırlar
Daha doğrusu, dünyəvilik prinsipindən çıxış edən müxalifətin həmin prinsipdən imtina etməsi digər tərəfdən, Azərbaycanda dini radikal kəsimin güclənməsinə şərait yaradır. Biz, elə də uzağa getməyərək, Nardaran, Gəncə hadisələrini xatırlaya bilərik. Belə ki, hər iki hadisədə dağıdıcılıq və radikallıq prisnipindən çıxış edən bəlli ənənəvi müxalifət partiyalarının “liderləri” dərhal dini radikallara qahmar çıxdılar. Bu isə qeyd edilən fikri kifayət qədər sübuta yetirmiş olur.
Nəticədə isə görünən budur ki, belə müxalifətin fəsildən-fəsilə üzə çıxması və guya siyasət yürütməsi hər ötən ilin təkrarı olacaq. Ona görə də müxalifətin yeniləşməsi, siyasi arealda sağlam düşüncəli siyasi təşkilatların üstünlük təşkil etməsi daha məntiqəuyğun görünə bilər. Belə ki, ümummilli məsələlərdə, Azərbaycanın daha da güclənməsi istiqamətində hakimiyyətə dəstək vermək kimi faktorlarda bu cür sağlam siyasi addımlar ölkəyə daha çox müsbət siyasi çalarlar gətirə bilər. Ona görə də xarici qaranlıq dairələrə nökərçilik edərək, üzərlərinə “beşinci kolon” damğası vurduranlar gec, ya da tez siyasi arenadan silinəcəklər. İstəsələr də, istəməsələr də, xalq onları qəbul etmir və onlar özləri də özlərini xalqdan təcrid ediblər. Belə olan halda isə artıq uzun müddətdir ki, verilən proqnozlar öz nəticələrini tapacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB