ADP sədri yenidən Müsavatı hədəfə alıb İTTİHAMLAR

ADP sədri yenidən Müsavatı hədəfə alıb İTTİHAMLAR

Sərdar Cəlaloğlu: "İsa Qəmbərin yalnış mövqeyi Müsavatın dağılmasına səbəb oldu"

"Müsavat partiyasında proseslər elə cərəyan edir ki, artıq onu tənzimləmək çətindir. Yalnız hərəkətsizliklə partiya daxilində sakitlik yaratmaq olar. Yəni bataqlığa düşən çabalamamalıdır". Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat partiyasında davam edən qarşıdurmaların səbəblərini izah edərkən deyib. Xüsusilə, Arif Hacılının rəhbərlikdən uzaq şəxs olduğunu iddia edən müxalifətçi partiya sədrinin sözlərinə görə, əgər hər hansı partiya daxilində ziddiyyətli məqamlar yaranırsa, tərəflər aktiv addımlar atmamalıdırlar.

“Müsavatda əllərində imkan olanlar etiraz edənləri təşkilat sıralarından azad edirlər”

Belə ki, qarşı duran tərəflərin fəallıqları siyasi təşkilatın parçalanması reallığını daha da artırır: "Müsavatda əllərində imkan olanlar etiraz edənləri təşkilat sıralarından azad edirlər. Qarşı tərəf isə, buna etiraz olaraq, aksiya keçirir və öz tərəfdarlarını partiyadan çıxarmağa çalışır. Bununla da, partiya dağılır".

S.Cəlaloğlu onu da qeyd edib ki, psixoloji sakitləşmə getdikdən sonra bütün problemləri həll etmək mümkün idi. Lakin sabiq başqan İsa Qəmbər öz postunu Hacılıya verəndən sonra, o gizli şəkildə ona öz təlimatlarını verməyə davam edib: "Çox təəssüflər olsun ki, İsa Qəmbər də mövqe tutaraq, çox aktiv hərəkətlərə imza atdı. Bu da partiyanın qarşısıalınmaz bir tərzdə dağılmasına gətirib çıxardı".

Beləliklə, Müsavat partiyasının özünün müxalifət düşərgəsindəki əvvəlki gücünü bərpa edə bilməyəcəyini də iddia edən ADP sədrinə görə, bu gün partiyadan gedənlərin sonradan siyasi təşkilat sıralarına yenidən qayıdacaqları halda da Müsavat əvvəli müxalifətdaxili gücünü geri qaytarmağa müyəssər olmayacaq: "Hətta partiyadan çıxarılan və istefa verən simalar bir araya gətirilsələr də, Müsavat əvvəlki gücündə olmayacaq. Yəni yamaqlı olacaq".

Mustafa Hacıbəyli: "Təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?"

Söz yox ki, ADP sədrinin haqlı ittihamları Müsavat rəhbərliyinin xoşuna getməyib və dərhal cavab verilib. Bu kimi məsələlərdə daim ortaya atılan Müsavat partiyası məclisinin üzvü, başqan müşaviri, eyni zamanda A.Hacılının qardaşı Mustafa Hacıbəyli ADP sədri S.Cəlaloğlunu təhqir olunmuş şəxs hesab etdiyini bildirib: "Sərdar Cəlaloğlnun fikirləri özünə aiddir. Çünki sual yaranır ki, təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?"

Müsavat rəsmisinin sözlərinə görə, əgər S.Cəlaloğlu, həqiqətən də, özünü təhqir olunmuş hesab edirsə, onda müxalifətçilik adından birdəfəlik imtina etsin: "Əgər belədirsə, onda görüşlərini müxalifətlə deyil, iqtidarla keçirsin. Çünki onun özü də əvvəllər belə bir təşəbbüs ilə çıxış etmişdi ki, hakim partiya ilə görüşməyə hazıram”.

Göründüyü kimi, haqlı ittihamları həzm edə bilməyən müsavatçılar son anda spz tapa bilməyəndə, dərhal digər müxalifət partiyalarını hakimiyyətlə iş birliyinə getdiklərini iddia edirlər. Bu kimi sərsəm iddialar isə artıq köhnəlib və heç bir işə yaramır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə