Balkan yarımadası su altında qalıb

Balkan yarımadası su altında qalıb

Son 2 gün intensiv yağan leysan xarakterli yağışlar və qarın əriməsi Balkan yarımadasının müxtəlif hissələrində subasmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Drina çayının məcrasından çıxması nəticəsində Bosniya və Herseqovina, Monteneqro və Serbiyada ətraf ərazilər su altında qalıb. Mövcud vəziyyətlə əlaqədar hər üç ölkənin bir sıra rayonlarında fövqəladə vəziyyət elan edilib.

 

Bosniya və Herseqovinanın Qorajde şəhərində, təxminən, 300 tikilinin su altında qaldığı, azı, 500 nəfərin təxliyə olunduğu, Foka şəhərində isə suyun yaşayış evlərinin 2-ci mərtəbəsinə qədər qalxdığı bildirilir. Serbiyanın Lyuboviya vilayətində, təxminən, 400 yaşayış evinin və minlərlə hektar əkin sahəsinin su altında qaldığı bildirilir. Monteneqronun şimalında isə, təxminən, 600 nəfərin təxliyə olunduğu qeyd olunur.

 

Həmçinin Neretva çayının məcrasından çıxması Xorvatiyanın və Bosniya və Herseqovinanın cənubunda subasmaya səbəb olub. Xorvatiyanın Metkoviç şəhərində 700 yaşayış, Bosniya və Herseqovinanın Çaplina şəhərində isə 200 yaşayış evi subasmaya məruz qalıb. Həmin ərazilərdə zərərçəkənlərin olması barədə məlumat verilmir.

 

Əhalinin elektrik enerjisi ilə təchizatında fasilələrin yarandığı, bir sıra məktəblərdə tədris prosesinin dayandırıldığı bildirilir. Hadisə bölgələrində aparılan xilasetmə işlərinə xeyli sayda canlı qüvvə və texnika cəlb olunub. Hazırda mövcud vəziyyətlə əlaqədar müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə