Deputat: "Ermənistan hesab etməsin ki, dünya onun nazı ilə oynayacaq" MÜNASİBƏT-ÖZƏL
“Azərbaycanın Ermənistandan başqa bütün dövlətlərlə yaxşı münasibətləri var. Bu gün Azərbaycanın beynəlxalq hüquq normalarına, mehriban qonşuluq siyasətinə uyğun apardığı siyasət ona gətirib çıxarır ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri seçilir, ölkəmizdə Avropa, İslam Həmrəylik Oyunları kimi beynəlxalq tədbirlər keçirilir. Dünyanın aparıcı dövlətləri Azərbaycanla əlaqələr qurmaqda maraqlıdır”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanın Azərbaycan-Belerus arasında hərbi əməkdaşlıqdan narahatçılıq keçirməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, düşmən ölkənin həyata keçirdiyi narahatlığın məntiqi başa düşülmür: “Biz istənilən dövlətlə münasibətlərimizi heç zaman üçüncü dövlətə qarşı qurmuruq. Bizim Ermənistan qarşı yalnız bir istəyimiz var ki, o da işğal olunan torpaqlarımızın azad edilməsidir. Hərbi gücümüzün artırılması da yalnız buna xidmət edir”.
Deputatın sözlərinə görə, Ermənistanın ərazisinə hər hansı bir müdaxiləmiz nəzərdə tutulmayıb: “Ermənistan əgər onun işğalçılıq siyasətinə son qoyulacağından narahatdırsa, o zaman onun bir dövlət kimi niyə mövcud olduğu artıq düşmən ölkə deyil, beynəlxalq ictimaiyyət ciddi sürətdə müzakirə etməlidir. Ermənistanın apardığı siyasət bu gün onun dalana dirənməsinə, əhalisinin durmadan köçməsinə, bu gün onun regional layihələrdən kənarda qalmasına səbəb olub”.
Azərbaycanın qazandığı hər bir uğurun bu gün Ermənistan cəmiyyətində müzakirə mövzusuna çevrildiyini deyən A. Mirzəzadənin fikrincə, bunun özü göstərir ki, qonşuya paxıllıq, nifrət hissi ilə yaşamaqdansa, qonşu ilə yaxşı münasibətlərin qurulması hər bir dövlətin inkişafına dəstək verən amillərdir: “ Azərbaycan bundan sonra da heç bir dövlətin maraqlarını özü üçün əsas götürmədən müstəqil sürətdə daxili, xarici siyasətini yürüdəcək”.
Deputat qeyd edib ki, Ermənistan çox anormal bir siyasət həyata keçirir: “O elə hesab edir ki, dünya dövlətləri onu pulsuz şəkildə silah ərzaq və eyni zamanda maliyyə vəsaitləri ilə təmin etməlidir. Belarus bu gün Ermənistana da silah satmağa hazırdır. Amma Ermənistanın pulu varmı? Düşmən ölkənin vətəndaşlarının pensiyasını verməyə maliyyəsi çatmır. O ki qaldı bahalı silah tədarük etmək. Ermənistan Rusiyanın ona etdiyi bütün yaxşılıqlarına üz çevirən ölkədir”.
Düşmən ölkənin Rusiya əleyhinə kampaniyalarda iştirak etdiyini deyən A. Mirzəzadə vurğulayıb ki, onlar Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini gündəmə gətirir, münasibətləri pisləşdirmək üçün istənilən addımlar atır: “Ermənistan hesab etməsin ki, Rusiya kimi dünya da onun nazı ilə oynayacaq. Artıq Rusiyanın özündə də düşmən ölkənin əsil xisləti kifayət qədər başa düşülür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB