Bəhruz Quliyev: "Mehriban xanım ölkəmizin beynəlxalq nüfuzunun artmasında danılmaz işlər görüb"

Bəhruz Quliyev: "Mehriban xanım ölkəmizin beynəlxalq nüfuzunun artmasında danılmaz işlər görüb"

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, eləcə də bütün dünyada nüfuz qazanıb. Ölkəmizin birinci xanımı səmərəli və humanist fəaliyyəti ilə dünyada geniş şöhrət sahibidir". SİA-nın xəbərinə bu fikirləri olaylar.az saytına açıqlamasında "SƏS" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanın birinci vitse-prezidenti olmaqla bu institutun formalaşmasında böyük işlər görüb: "Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyevanın həm Heydər Əliyev Fondunun prezidenti, həm Milli Məclisin üzvü, həm UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi Fond maddi durumu ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. Yoxsul insanlar daim Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısındadır ".

Bəhruz Quliyev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, eyni zamanda mühüm işlərə imza atıb: "Buna misal olaraq, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və digərlərini sadalamaq olar. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata keçirilib ".

Mehriban xanım Əliyevanın ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması, dünyada Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində zəngin fəaliyyət ortaya qoyduğunu deyən siyasi ekspert vurğulayıb ki, Mehriban xanım həyata keçirdiyi işlərlə təmsil olunduğu cəmiyyətə yalnız fayda gətirib: "Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində də Mehriban xanım danılmaz işlər görüb. Mehriban xanım Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısı olmaqla yanaşı, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdan qadın Liderdir!".

Bəhruz Quliyev əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti həm də bir xanım olaraq bütün qadınlara nümunədir: "Mehriban xanım Əliyeva hər kəsə gözəl bir ailə örnəyidir. Bu gün Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq, Azərbaycanın inkişafı, gələcəyi uğrunda dövlət başçısı ilə çiyin-çiyinə mübarizə aparır, ölkəmizin inkişafı üçün əlindən gələni edir ".

Bütün xəbərlər Facebook səhifəmizdə