"Paşinyanın bütün addımı özünə qarşı işləyir" ŞƏRH-ÖZƏL

"Paşinyanın bütün addımı özünə qarşı işləyir" ŞƏRH-ÖZƏL

“Hazırda Ermənistanın daxilində də çox ciddi proseslər gedir. Paşinyan parlament seçkilərini elan etməkdən çəkinir. Çünki, əmin deyil ki, müxalifətdə olan respublikaçılar yenidən çoxluq təşkil etməyəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Zaman keçdikcə Paşinyanla bağlı neqativ halların sayının çoxaldığını deyən politoloq bildirib ki, Paşinyanın yerinə yetirmədiyi vədlərin artması ona qarşı yönələ bilər.

F.Sadıqovun sözlərinə görə, əgər parlament seçkiləri baş versə, o zaman Konstitusiyaya görə, Paşinyan baş nazir postundan istefa verməlidir: “Parlament seçkiləri keçirildikdən sonra yenidən baş nazir seçilir. Bu baxımdan Paşinyanda qorxu, ehtiyat və narahatlıq var”.

Ermənistanın baş nazirinin həyata keçirdiyi xarici siyasətin aydın olmadığını deyən politoloq söyləyib ki, o bir tərəfdən Azərbaycanla Dağlıq Qarabağ məsələsində danışıqlara gedəcəklərini, digər tərəfdən “Dağlıq Qarabağ rejiminin” danışıqlarda iştirakını, eyni zamanda güclənib ölkəmizə qarşı güc nümayiş etdirmək istədikləri ilə bağlı anlaşılmayan bəyanatlar səsləndirir: “Bütün bunlar onun mövqesiz olduğunu və anlaşılmaz siyasətini müəyyən müddət davam etdirəcəyini göstərir”.

F.Sadıqov qeyd edib ki, Paşinyanın həm daxili, həm də xarici siyasətlə bağlı atdığı bütün addımları ona qarşı işləyir.

Düşmən ölkədə baş verənlərin fonunda Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı gözləntilərə gəldikdə politoloq vurğulayıb ki, Paşinyanın apardığı siyasətə nəzər yetirsək, münaqişənin həlli ilə əlaqədar pozitiv nəsə söyləmək mümkün deyil: “Çünki, Paşinyan kimi siyasətçilərlə danışıqlar aparmaq, Ermənistan tərəfindən hansısa kompromis əldə etmək mürəkkəb məsələdir. Düşmən ölkə beynəlxalq hüquq normalarına uyğun siyasət həyata keçirmir. Mənə elə gəlir ki, hazırkı fonda problemin həllində müsbət irəliləyiş gözləmək tezdir. Ermənistana təzyiq göstərilməlidir. Biz aparıcı dövlətlərlə ciddi işləməliyik. Çünki onların düşmən ölkəyə təzyiqi və bu məsələdə ölkəmizin maraqlarını nəzərə alması, hansısa nəticələrə gətirib çıxara bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə