"Mehriban xanımın fəaliyyətinin ana xəttini xeyirxahlıq və humanizm təşkil edir" RƏY-ÖZƏL

"Mehriban xanımın fəaliyyətinin ana xəttini xeyirxahlıq və humanizm təşkil edir" RƏY-ÖZƏL

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı gələndə hər bir insanda, Azərbaycan vətəndaşında fəxr, qürur hissi oyanır. Çünki, Mehriban xanımda Azərbaycan qadınına xas olan bütün xüsusiyyətlər cəmləşib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, Mehriban xanım Əliyevanın təkcə, Azərbaycan deyil, bütün dünya xanımları üçün örnəkdir: “Hər kəs özünü Mehriban xanıma oxşatmağa çalışır. Çünki, Azərbaycanın birinci vitse-prezidenti, Birinci xanımı Mehriban Əliyeva bütün dünyada həm mədəniyyəti, həm qabiliyyəti, həm dünyagörüşü, həm gözəlliyi, həm də nümunəvi fəaliyyəti ilə şöhrət qazanıb”.

K.Əliyeva qeyd edib ki, Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı olmaqla yanaşı, Onun silahdaşıdır.

Deputat vurğulayıb ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada Mehriban xanımın möhürü və imzası olmasın: “İstər mədəniyyət, istər səhiyyə, istər təhsil, istərsə də sosial sahədə Mehriban xanımın gördüyü işlər əvəzolunmazdır. Mehriban xanım Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atıb. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi həyata keçirdiyi fəaliyyəti nəticəsində Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb”.

Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanım Əliyevanın ölkənin təhsil sisteminə verdiyi töhfələrdən söz açan K. Əliyeva söyləyib ki, onlarla məktəblərin, uşaq bağçalarının tikilməsi buna misal ola bilər: “Millət vəkili kimi bizə bir sıra xəstəliklər və sosial problemlərlə əlaqədar müraciətlər olunur. Heydər Əliyev Fonduna kömək üçün ünvanlanan elə bir məktub yoxdur ki, o müsbət həllini tapmamış olsun”.

Mehriban xanımın bütün fəaliyyətinin ana xəttinin xeyirxahlıq və humanizm olduğunu dilə gətirən deputat vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti kasıb insanlara əl uzatmaq, xəstələrə kömək etmək və digər sosial problemləri olan şəxslərə dəstək olmaqla mənəvi rahatlıq tapır: “Mehriban xanım bu önəmli ənənələrin cəmiyyətdə daha da möhkəmlənməsində böyük rol oynayır. Mehriban xanımın Azərbaycan cəmiyyətinə xidmətləri ilə əlaqədar günlərlə danışsaq azdır. Mehriban xanımın fəaliyyətinə dəstək olan Azərbaycan xalqı və cəmiyyəti əmindir ki, Azərbaycanın Birinci vitse-prezidenti bundan sonrakı fəaliyyətində də Azərbaycanın çiçəklənməsi istiqamətində çox işlər görəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə