Azərbaycan FHN Aviasiya qrupunun iki helikopteri bu səhər İsrailə yola düşüb

Azərbaycan FHN Aviasiya qrupunun iki helikopteri bu səhər İsrailə yola düşüb

Azərbaycan Fövqəladə Hallar Nazırliyinin Aviasiya qrupu bu səhər İsrailə yola düşüb. Nazirlikdən SİA-ya verilən məlumatına görə, FHN-n "Ka-32A" və "Mi-17-1B" tipli helikopterləri və 16 nəfərlik heyəti Bakı Beynəlxalq Hava limanından İsrailə yola salınıb.

 

Helikopterlər Azərbaycan-Gürcüstan-Türkiyə-Kipr marşrutu üzrə İsrailə uçacaqlar. Azərbaycan yanğınsöndürənləri ilkin olaraq yanğınların daha geniş yayıldığı Hayfa şəhəri ətrafındakı əməliyyatlarda iştirak edəcəklər.

 

Qeyd edək ki, İsrailin şimalında Hayfa şəhərində baş vermiş meşə yanğını çoxsaylı insan tələfatına səbəb olub. Verilən son məlumata əsasən, hadisə yerində avtobusun alovlanması, azı, 40 nəfərin ölümü ilə nəticələnib. Həlak olanların Damon həbsxanasından dustaqların təxliyyəsinə cəlb olunmuş həbsxana bələdçilərinin olduğu bildirilir. Onlarla insanın xəsarət aldığı barədə məlumat verilir. Yanğının ümumi sahəsi, təxminən, 2800 hektar təşkil edir. Ümumilikdə, 15 min insan hadisə yerindən təxliyyə olunub. Bildirilir ki, təxliyyə olunmuş insanlar arasında 600 dustaq və həmin ərazidə yerləşən xəstəxanada müalicə alan 200 şəxs var.

 

Hazırda, təxliyyə davam etdirilir. Xarici ölkələrin göndərdiyi, azı, 20 yanğınsöndürən helikopter və təyyarələrin ərazidə yanğınsöndürmə işlərinə cəlb olunacağı gözlənilir. Hadisə bölgəsində müvafiq tədbirlər görülür, yanğınla mübarizə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə