Qonşu ölkə vətəndaşlarının quş qripinə yoluxması ilə əlaqədar Azərbaycanda ehtiyat tədbirləri görülür
Son günlər Türkiyədə 4, Honq-Konq və Gürcüstanda isə 1 nəfərdə "quş qripi" xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyə Respublikalarının isə ölkəmizlə həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 01 dekabr 2010-cu il tarixində ölkə ərazisində quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub, quş ovu üçün Nazirliyin Ərazi Şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi dayandırılıb. Məsələ ilə əlaqədar yekun qərar qəbul olunması üçün "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası"na müraciət edilib.
Xatırladaq ki, çoxsaylı ovçuların müraciətləri nəzərə alınaraq 05 noyabr 2010-cu il tarixində ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB