Gədəbəyin “sağlamlıq köşkləri”- Araşdırma

Gədəbəyin “sağlamlıq köşkləri”- Araşdırma

Bu gün Gədəbəyin kəndlərində həkim məntəqələrinin vəziyyəti haqqında ürəkaçan sözlər söyləmək olmur. Hətta bəzi ucqar kəndlərdə tibb məntəqələri ümumiyyətlə yoxdur. Kənardan daxma kimi görsənən köşklər əslində Gədəbəy kəndlərinin həkim məntəqələridir. Bu məntəqələrdə nəinki yüksək tibbi xidmətdən, ilkin tibbi yardımdan belə danışmağa dəyməz. Üstəlik rayon rəhbərliyinin çıxardığı yeni qərara görə, kəndlərin əksəriyyətində həkim məntəqələri ləğv edilib. Bu qərarın hansı səbəbdən verildiyi də heç kimə məlum deyil.

Yaranan vəziyyət kənd sakinlərini əməlli-başlı qəzəbləndırib. Sakinlər deyir ki, kəndlərin əksəriyyəti rayon mərkəzindən uzaq olduğundan xəstələndikləri təqdirdə nə edəcəklərini bilmirlər.

Bundan başqa kəndlərdəki tibb məntəqələrində çalışanlar arasında da ixtisasca ali təhsilli həkimlərə rast gəlmək müşkül məsələdir. Ucqar kəndlərdə çalışan şəxslərin əksəriyyəti orta tibb təhsili olanlardır.

Məsələ ilə bağlı rayon İcra Hakimiyyətinə üz tutduq. İcra Hakimiyyətinin səhiyyə məsələləri üzrə böyük məsləhətçisi Nahit Allahverdiyev SİA-nın bölgə muxbirinə bu sahədə problemlərin olduğunu etiraf etdi. Bildirdi ki, kəndlərdəki tibb məntəqələrinin bərbad vəziyyətinin aradan qaldırılması istiqamətində iş aparılır.

Rayonda səhiyyə sahəsində kadr çatışmazlığının olduğunu deyən Nahid Allahverdiyevin sözlərinə görə, həkimlər Gədəbəydə işləməkdənsə, işsiz qalmağı üstün tuturlar: "Yeni ildə Arıxdam, Soyuqbulaq, Kəlama, Əli İsmayıllı və sair kəndlərdəki həkim məntəqələri yenidən qurulacaq. Ötən il 3 kənddəki tibb məntəqələri təmir edilib. Həkimlərə gəlincə, onu deyə bilərəm ki, rayonda kadr problemi var. Ali təhsilli tibb işçilərı Gədəbəydə işləmək istəmir".

Bütün xəbərlər Facebook səhifəmizdə