Türkiyəyə qarşı ABŞ sanksiyaları – Vaşinqton təklənirmi? ANALİZ

Türkiyəyə qarşı ABŞ sanksiyaları – Vaşinqton təklənirmi? ANALİZ

Rəsmi Ankaraya dəstək artır

Rəsmi Ankaranın amerikalı pastoru həbsxanadan buraxmaqdan imtina etməsi ilə Vaşinqtonun Türkiyə əleyhinə sanksiya təhdidi gücləndi və nəticədə həmin qərar verildi. Onu da xatırladaq ki, ABŞ Xəzinədarlığı hələ 2016-cı il oktyabrında protestant kilsəsinin pastoru, Fətullah Gülən qiyamına və PKK-ya maliyyə dəstəyi verən Endryu Bransonun həbsində “aparıcı rol”una görə iki türk nazirini sanksiya siyahısına daxil etmişdi və maraqlısı da budur ki, həmin qadağalar Türkiyədə həbsdə olan digər amerikalı vətəndaşlara şamil olunmur. Buradan açıq-aydın görünür ki, rəsmi Vaşinqton Ankaraya qarşı ikibaşlı oyun oynamaqla əslində öz hegemonluğunu nümayiş etdirməyə cəhd göstərir. Baxmayaraq ki, Türkiyə eyni zamanda NATO-nun üzvüdür və bu alyans tərkibində ABŞ-ın da maraqlarını təmin edən bir sıra antiterror əməliyyatlarında iştirak edib, ABŞ prezidenti Donald Trampın bir rahibə görə iki ölkə arasında olan strateji əməkdaşlığa xələl vura biləcək addım atmaq qərarını verməsi düşündürücüdür.

Başqa tərəfdən, Türkiyə də öz növbəsində bu ölkədə baş verən 2016-cı il qiyamında əsas tərəf olaraq iştirak etmiş Fətullah Gülənin ekstradisiyası ilə bağlı dəfələrlə ABŞ-a müraciətlər etmişdi. Hətta dövlətlərarası müzakirə komissiyası da yaradılmışdı ki, həmin problem həll edilsin. Ancaq təəssüf ki, ABŞ son anda Gülənin Türkiyəyə ekstradisiyasına “yox” dedi.

Azərbaycan XİN: “Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək”

Bu arada, vacib məqama toxunaraq qeyd edə bilərik ki, qardaş ölkəyə qarşı tətbiq olunacaq sanksiya ilə bağlı artıq rəsmi Bakının mövqeyi ortaya qoyulub. “Ölkəmiz Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir”. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisinin sözlərinə görə, Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarını davam etdirən Azərbaycan qardaş ölkənin iqtisadiyyatında yaxından iştirakını artırmaqdadır. “Azərbaycan Türkiyənin son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda qardaş ölkənin və regionun iqtisadiyyatına, təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyinə və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir”, deyə qeyd edən Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək.

Avropa Parlamentinin Türkiyə Forumundan ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyəyə dəstək verilib

Azərbaycanla yanaşı, artıq Avropa Birliyi ölkələri də ABŞ-ın sanksiyalarına yönəlik qərarlarını Türkiyəyə dəstək nümayiş etdirməklə veriblər. Misal üçün, Avropa Parlamentinin Türkiyə Forumundan ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyəyə dəstək verilib . Dəstək bəyanatında tətbiq edilən sanksiyaların qeyri-qanuni və Dünya Ticarət Təşkilatı qaydalarına zidd olduğu bildirilib.

Bəyanatda Türkiyə lirəsinin dəyərdən düşməsinin istehlakçılara və həyat standartlarına mənfi təsir etdiyi bildirilib.

Angela Merkel: “Türkiyədə iqtisadi rifah hamımızın xeyrinədir”

Almaniya Kansleri Angela Merkel də Türkiyəyə dəstək mesajında bildirib ki, bu ölkədəki iqtisadi rifah Avropaya yalnız səmərə verə bilər. Əks halda, sanksiyaların təsiri istər-istəməz bu qitəyə də ciddi təsirlərini göstərə bilər: “Türkiyədə iqtisadi rifah hamımızın xeyrinədir, orada iqtisadi sabitliyin pozulması Avropanın xeyrinə olmayacaq".

Merkel bildirib ki, Türkiyədəki vəziyyəti diqqətlə izləyirlər: “Yaxın müddətdə Ərdoğanla bu vəziyyəti müzakirə etmək üçün fürsətimiz olacaq”.

Əlbəttə, əgər nəzərə alarsaq ki, Türkiyənin iqtisadiyyatı və qeyri sahələri bilavasitə Avropa ölkələrinə, o cümlədən regiona münbit təsirlər göstərir, bu zaman Avropanın nəyə görə əndişə keçirdiyini anlamaq elə də çətinlik yaratmır.

Rusiya, İran, Qətər də Türkiyəyə dəstək nümayiş etdirir

Daha bir maraqlı məqam son vaxtlar münaibətlərində kifayət qədər istilik yaranan Rusiyanın Türkiyəyə verdiyi dəstəyidir. ​Halbuki, ABŞ Rusiyaya qarşı da sanksiyalar tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. Buna baxmayaraq, eyni aqibətləri yaşayan ölkələr bu məsələdə də bir araya gələrək, bənzər möövzudan bəyanatlar səsləndirirlər.Nəzərə alarsaq ki, İran, Qətər kimi dövlətlər də qardaş ölkəyə dəstəyini nümayiş etdirib, bu zaman hesab etmək olar ki, ABŞ prezidenti Donald Tramp sanksiya qərarından sonra yetərincə təklənib.Halbuki, bu ölkələrə qarşı da ABŞ-ın sanksiya qərarları mövcuddur.

Türkiyə XİN: “ABŞ tərəfində ciddi fikir ayrılıqları var”

Yeri gəlmişkən, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında protestant kilsəsinin pastoru Endryu Bransonla bağlı ABŞ-la apardıqları danışıqlar barədə məlumat verib. Türk diplomat ABŞ-la bu məsələ ətrafında ciddi fikir ayrılıqlarının olduğunu bildirib.“ABŞ tərəfində ciddi fikir ayrılıqları var. Yəni bu, təkcə bizdən qaynaqlanan problem deyil. Lakin bütün hallarda Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər. Bu barədə səfir Boltona da öz fikrimizi çatdırmışıq. Branson isə ev həbsindədir. Bununla bağlı vəziyyət dəyişməyib”, deyə Çavuşoğlu qeyd edib.

Rəcəb Tayyib Ərdoğan: “Daha çox çalışacağıq”

“Türkiyə ABŞ-dan idxal edilən elektrik məhsullarını boykot edib”. Bu fikirləri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 16-cı simpoziumunda çıxış edərkən deyib. Ərdoğan bildirib ki, ABŞ-ın maliyyə sanksiyalarına qarşı edə biləcəkləri iki şey var: “Türkiyəyə qarşı açıq iqtisadi hücum var. Mütəşəkkil formada üstümüzə gəlirlər. Edə biləcəyimiz iki şey var: biri iqtisadi, digəri siyasi davranışdır. İqtisadiyyatın tələb etdiyi texniki tədbirləri gördük, görürük. Amerikanın elektrik məhsullarını biz boykot edəcəyik. Onların “Ayfon”u varsa, o biri tərəfdə “Samsunq”var. Öz ölkəmizdə “Vestel” var. Biz bunlardan istifadə edəcəyik. İşin arxasında başqa niyyətlər var. Özümüzə güvənirik. Biz sizinlə strateji ortaq deyilikmi? Somalidə bərabər olmadıqmı? Əfqanıstanda hər kəs bir tərəfə qaçarkən orada bərabər qalmadıqmı? Kosovada bərabər olmadıqmı? Bəs bu etdiyiniz nədir? Nə etmək istəyirsiniz? Amma bunu bilin, bu millətin xarakteri saga-sola sovrulan deyil. Fabriklərimizi çox işlədəcəyik, sərmayələrimizə ara verməyəcəyik. Dünya qazan, biz çömçə. Daha çox çalışacağıq. Sağ olsunlar, Qərb dostlarımız zəng edir, görüşürük”.

Nəticə etibarilə belıə qənaətə gəlmək olar ki, Türkiyə ümumiyyətlə, maliyyə sanksiyaları qarşılığında əyilmək, təslim olmaq fikrində deyil. Belə ki, qardaş ölkənin aldığı mənəvi və siyasi dəstək bütün mənalarda gücünü artırır. Bu baxımdan, ABŞ-ın apardığı siyasət əslində, amerikalılar üçün mənfi tendensiya yarada bilər. Hər halda, Qərb ölkələrinin, xüsusilə Avropa ailəsinin Türkiyənin yanında olması artıq özü-özülüyündə həmin fakktorları ortaya çıxarmış olur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə